Cəbhədə gərginlik: Millət vəkilləri Tovuza gedir – Açıqlama
Ötən gecə Ermənistanla sərhəddə törədilən erməni təxribatı ilə əlaqədar millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuza gedib.
Bunu açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
O bildirib ki, həmkarı, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən millət vəkili seçilmiş Ülviyyə Ağayeva ilə birlikdə sərhəddə baş verən erməni təxribatıyla bağlı və həmçinin şəhid Elşən Məmmədovun dəfnində iştirak etmək məqsədi ilə Tovuza gedirlər:
“Ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonunda düşmən təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu kiçik çavuş Elşən Əli oğlu Məmmədov şəhid olub. Allahdan şəhidimizə rəhmət, ailəsinə və əzizlərinə səbir diləyirik. Bir az əvvəl dəyərli şəhid qardaşımızın əziz atası ilə də danışdım. Belə bir vətənpərvər oğul böyütdükləri üçün “hamımız sizə minnətdarıq, bu cür oğullarla qürur duyuruq” dedim. Əziz şəhidimizin dəyərli ailəsinə bir daha Allahdan səbir diləyirəm. “Vətən sağ olsun” deyən bütün ailələr ən böyük sayğıya layiqdir. Şəhid qardaşımız nur içində yatsın. İnşallah qanı yerdə qalmayacaq. İşğalçı Ermənistan Tovuz rayonu istiqamətində təxribatlarını davam etdirir və təbii ki, arxasındakı bəzi güclərə arxayındır. Amma düşmən layiqli cavabını alır və alacaq. Allah Ordumuza, əsgər və hərbçilərimizə, əziz dövlətimizə, ön cəbhədə yaşayan dəyərli insanlarımıza kömək olsun”.
Daha bir millət vəkili, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat seçilən Arzu Nağıyev də həftəsonu Tovuza səfər edəcəyini bildirib:
“Həftəsonu Tovuza səfər edəcəyəm. Ermənilərin son vaxtlar təxribatı çoxalmışdı. Bu, artıq müharibə anonsu deməkdir. Bunun sərhəd bölgəsində baş verməsi onların torpaq iddiası ilə bağlıdır. Qeyri-adekvat addım atan Paşinyan başa düşməlidir ki, Prezident İlham Əliyev dediyi kimi, hər hansı müharibə başlasa, bu, ermənilərin öz ərazisində olacaq. Düşünürəm ki, ermənilərin hər bir addımına layiqli şəkildə cavab veriləcək”./axar.az/