Rusiya mütləq dağılacaq, çünki… – İsraildəki yazarımızdan şok

İsraildə yaşayan dünya şöhrətli azərbaycanlı yazıçı Çingiz Hüseynovun müsahibəsi:

– Çingiz müəllim, səhhətiniz necədir?

– Səhhətim yaşıma uyğundur. Səhhətimdən şikayətlənmək günah olardı.

– “Məhəmməd Məmməd Məmiş” əsərinizin iki dildə orijinalı var. Bu roman əvvəlcə Azərbaycan dilində yazılmışdı, sonradan nəyə görə rus dilində də işləyəsi oldunuz?

– Çünki onun Azərbaycan dilində olan variantının “əl-qolunu” tamamilə sındırdılar. Tam şəkildə, olduğu kimi çap olunmadı. Hətta mən özüm də Azərbaycan dilindəki variantı oxuya bilmədim. Sonradan üzərində dəfələrlə işlədim və ruscaya tərcümə elədim. Əslində, tərcümə deyil, rus dilində yazılmış orijinalıdır. Əsər tam variantda rus dilində çap olunub. “Məhəmməd Məmməd Məmiş”i rus dilində oxumayanlar çox şey itiriblər. Təəssüf ki, mənim iki əsərim iki orijinal dildə yaşayır. Onlardan biri də “Fətəli Fəthi”dir. Bu iki romanın arasında da çox böyük fərq var. Rusdilli orijinalı Azərbaycan dilindəki orijinalından daha həcmlidir.

– Romanı sonradan genişləndirməyinizə səbəb nə idi?

– Oxucuların, ənənələrin, dilin hökmünü nəzərə alaraq romanı genişləndirməli oldum. Rus dilində yazılan əsərlərimi Azərbaycan dilinə çevirməkdən qorxuram. Çünki təzə əsər yazmalı oluram. Rus dilini bilmədən mənim bu əsərlərim haqqında fikir formalaşdırmaq düzgün olmaz.

– Eşitdiyimizə görə, təzə bir roman da bitirmisiniz. Adı nədir yeni romanınızın?

– “Kəhər atı nallamaq”… Bu romanın nə “at”a, nə də “nallanmağa” dəxili var. Onu da deyim ki, əsər də nallanmazsa, yeriyə bilməz. Yeni romanımın əsas məkanı Rusiya və Azərbaycandır. Təəccüb doğura bilər ki, mən Azərbaycanda yaşamaya-yaşamaya belə bir roman yazmışam. Qəribədir (köks ötürür), mən hər gün Azərbaycandayam, Bakıdayam… Moskvada yaşayanda da elə bilirdim ki, hər günüm Bakıda keçir. Elə düşünürdüm ki, Bakıda olan bütün hadisələr mənim gözümün qarşısında baş verir.

– Bir çoxları düşünür ki, Azərbaycandan şair və yazıçıların dünya ədəbiyyatına çıxa bilməməsinin əsas səbəbi dil problemidir. Siz necə düşünürsünüz?

– Qətiyyən! Bu, dillə bağlı məsələ deyil! Azərbaycan ədəbiyyatında yasaq olunmuş mövzular var. Yazıçılar, şairlər yaza bilmirlər. Əsas səbəb budur. Hətta mənə elə gəlir ki, əsl yazıçı yazmaya bilməz. Bilmirəm, bəlkə də yanılıram. Amma mənə elə gəlir ki, 10 ildən sonra Azərbaycanda sandıq ədəbiyyatları açılacaq. Qələm Allah vergisidir, onu boş-boş şeylərə istifadə etmək yolverilməzdir, günahdır. Qələmi əlinə bir yazıçı kimi alırsansa, həqiqəti yazmalısan. İndiki məqamda həqiqəti yazmaq qətiyyən mümkün deyil. Belə bir şəraitdə sandıq ədəbiyyatı yaranır. Təkcə Azərbaycanı demirəm, elə Ermənistanın özündə də böyük ədəbiyyat yarana bilməz. Çünki onlarda da yasaq olunmuş mövzular çoxdur. Həmin mövzuları da bu cür yazmaq lazımdır, həqiqəti deməklə… Başqa cür yazmaq olmaz. Ermənilərdə də nifrət var. Nifrət isə sənəti, yazıçılığı öldürür. Nifrət şeytana, insanın öz-özünə ola bilər. Çünki hər insanın qəlbində iki qüvvə bir-biri ilə vuruşur. Onlardan biri ilahiyə bağlıdır, o biri iblisə. Bunların arasında daima mübarizə gedir. İnsan daima ilahi qüvvələrə yazı göndərməlidir. Onu müdafiə etməlidir.

– Çingiz müəllim, biz bu 30 ildə Qarabağla bağlı həqiqətlər, münaqişə nəticəsində baş vermiş soyqırımlarla haqda sanballı əsər ortaya çıxara bilmədik. Amma ermənilər Hollivudda film çəkdilər…

– Nədənsə bu münaqişədə dünya onları daha çox müdafiə edir. Bilmirəm, bəlkə də təbliğatın burada rolu çoxdur. Hələ mən bizim günahlarımızdan danışmaq istəmirəm. Burada bizim də günahlarımız çoxdur. Həqiqət ortadadır, bizim torpaqlarımızı zəbt ediblər. Mən açıq deyirəm, Şuşanı, Qarabağı işğal eləmək qeyri-mümkün idi. Deməli, içimizdə satqınlıq var.

Ermənilər Qarabağ münaqişəsi zamanı rus muzdlularını cəlb etmək üçün nə qədər pul xərclədilər. Biz bunu bacarmadıq. Nefti, sərvəti, milyonları olan ölkə bunu bacara bilmədi. Ermənilər də, biz də dünya qarşısında döyüşkən deyilik. Əgər ruslar olmasaydı, ermənilər qətiyyən qələbə çala bilməzdilər.

– İsraildən Azərbaycan, Qarabağ münaqişəsi necə görünür?

– İsrail Azərbaycanın tərəfindədir. Türkiyə ilə İsrailin münasibətləri yaxşı deyil. Bəzən Türkiyənin acığına İsrail Ermənistanı müdafiə edir. Amma Qarabağ münaqişəsində İsrail Azərbaycanın tərəfindədir. Çünki həqiqətən də Azərbaycanın torpaqları işğal olunub. Ermənilərin Qarabağda çoxluq təşkil etməsinin səbəbi də hamıya məlumdur. Qriboyedova, çar sisteminə bağlı bir məsələdir. Amma biz bunu da sübut edə bilmirik. Bu həqiqətlər Qriboyedovun bütün yazılarında əks olunub. Biz bu kimi mənbələrdən, qaynaqlardan istifadə edə bilmirik. İndiki məqamda müharibəyə çağırış da məsuliyyətli işdir. Çünki müharibəyə çağıran – xalqı Rusiya ilə savaşa çağırır. Rusiya ilə müharibə aparmaq qeyri-mümkündür. Fikrimcə, danışıqlar da boş-boşuna aparılır.

– Belə çıxır ki, biz ümidimizi Rusiyanın çöküşünə bağlamalıyıq?

– Mən qəti əminəm ki, gec-tez Rusiya dağılacaq. Çünki Rusiyada dövlətçilik sənəti çox zəifdir. Rusiya öz-özünü çökdürür. Sovet İttifaqı da rus dövləti idi. Özü özünü məhv etdi. Rusiya da indi Sovet İttifaqının tutduğu yolla gedir. Gec-tez o da dağılacaq. Bizim Qarabağı qaytarmağımız da tarixi, qlobal şəraitə bağlıdır. Digər tərəfdən, İran da erməniləri müdafiə edir. Vəziyyət çox mürəkkəbdir. Fikrimcə, İran da gec-tez dağılacaq. 35 milyonluq azərbaycanlıya davam gətirə bilməyəcək.

– Qayıdaq ədəbiyyat mövzusuna… İsraildən Azərbaycan ədəbiyyatı necə görünür?

– İsraili Azərbaycan ədəbiyyatı maraqlandırmır. Məni “Azərbaycan-rus, israilli yazar” kimi təqdim edirlər. Mənim rusdilli kitablarımın İsraildə kifayət qədər oxucusu var. Mən bu cür təsəvvür etmirdim. Rus dilində çıxan yazılarım sovet dövründə daha çox digər respublikalarda yayılmışdı. Özbəkistanda, Estoniyada rusdilli İsrail yazıçıları mənim əsərlərimi oxuyurdular. O zaman hiss edirdilər ki, mən imperiyanın əleyhinə çıxıram. O vaxt mən Azərbaycanı Azərbaycan kimi yox, sosializmin bir parçası kimi tənqid edirdim. Bir sözlə, Azərbaycanın fövqündə mən ümumittifaq, ümumrusiyada olan mənfilikləri tənqid edirdim.

– Sadaladıqlarınıza nəzərən sizi dissident adlandırmaq olarmı?

– Nisbi şəkildə dissident adlandırmaq olardı. Çünki mən yazılarımı leqallaşdırmağa çalışmışam. Müxtəlif dil və üslub yolları axtarırdım. Rusiyada Azərbaycan senzurasından azad idim. Çünki Rusiyada çap etdirmək daha asan idi. Deyirdilər ki, mən Azərbaycan xalqını tənqid edirəm… Xeyr, mən o vaxt Azərbaycadakı sosializm qayda-qanunlarını tənqid edirdim. “Fətəli Fəthi” bu mənada tamamilə Azərbaycanın xeyrinə yazılmış bir romandır. Sovet sistemini, rus inqilabını Azərbaycana gətirən nə qədər azərbaycanlılar var idi. Rus gəmilərini buraxan, limanı açan mənim adaşım Çingiz İldırım olub. Amma Nərimanov barədə bunu demək çətindir. Çünki ziddiyyətli adam təsiri bağışlayır. Mürəkkəb şəxsiyyət idi. 1925-ci ildə oğlu Nəcəfə yazdığı məktubunda deyirdi ki, oğlum, sən böyüyəndə sosializm olmayacaq, çünki sosializm adı ilə biz başqa həyat, sistem qurmuşuq. Yəni sosializmə dəxli olmayan bir sistemdən bəhs edirdi. Hətta demişdi ki, Sovet İttifaqı çar imperiyasının davamıdır.

– Təzə romanınızın məzmunu nədir?

– Təzə romanımı oxusalar, çoxu məndən üz döndərəcək. Kimin üz döndərib-döndərməyəcəyindən asılı olmayaraq, mən həqiqəti yazmalıyam. Mən qələmimi sındıra bilmərəm. Qələm məni ilahiyə aparır. Qələm mənim deyil. Yoxsa mən də tərifləyib adlar, nişanlar, təqaüdlər alardım. Amma qələm mənim qələmim deyil, ilahinindir. Təzə romanımda mən iki qardaş ölkənin mahiyyətini, iç üzünü açıb göstərmişəm.

– Hansı ölkələrin?

– Mənim məkanlarım Azərbaycan və Rusiyadır. Çünki neçə onilliklər mən Rusiyada yaşamışam. Amma İsrail, Yerusəlim, Qüds çox qəribədir. İlahiyə ən yaxın yer bura hesab edilir. Bunu müsəlmanlar da, xristianlar da, yəhudilər də təsdiqləyir. Buna baxmayaraq, mən xalqıma, yurduma, elimə, ata-anama məhəbbət bəsləyirəm. Onlara bağlıyam. Həmin məhəbbət indi də durur. Məhəbbətsiz yazmaq qətiyyən mümkün deyil.

– Çingiz müəllim, sizi nə ilə ağlatmaq olar?

– Məni yalnız muğamla ağlatmaq mümkündür. Muğamı çox sevirəm. Doğma qardaşım Əlikram Hüseyov məşhur tarzən idi. Operada tar üzrə solist olaraq fəaliyyət göstərirdi. Atam da tar çalırdı. Uşaqlıqdan tara vurğun idim. Solaxay olduğum üçün tar çalmaq çətin gəlirdi.

– Vətənlə bağlı daha çox nələri xatırlayırsınız?

– İlk növbədə mehribanlığını. Azərbaycan xalqının mehribanlığı, “sənə qurban olaram” deməyini. Dilimizi… çox zəngin bir dilimiz var. Mənim ilk yazılarımdan ibarət Azərbaycan dilində beş kitabım çapdan çıxmışdı. Sonradan onu latın əlifbası ilə çap etdilər. Çox sağ olsunlar.

– Çingiz müəllim, sosial şəbəkələri, medianı izləyirsiniz. Azərbaycandakı gənc yazıçı və şairlərdən kimlərin gələcəyinə ümidiniz varmı?

– Bilirsən, mənə çox adam öz yazılarını göndərir. Özü də Azərbaycan dilində. Adları soruşursan, bu yaşda adlar yadımda qalmır, çox tez unuduram. Ona görə də ad çəkməyəcəm. Onu deyə bilərəm ki, Azərbaycan dili hazırda çox böyük inkişafdadır. Buraya şeir və nəsr dilini də aid edirəm. Dilimiz şeir və publisistika dilidir.
Son dönəmlərdə Azərbayan dili o qədər inkişaf edib ki, hətta ayaqlaşmaq belə çətindir. Onu da nəzərə alın ki, Qüdsdə mən Azərbycan dilində heç kimlə danışmıram. Uzun müddətdir ki, ancaq özüm-özümlə söhbət edirəm. Mənim taleyim də belə alınıb. Ona görə də Azərbaycan dilində daha çox məktublaşıram. Çoxlu məktublar yazırlar. Amma bəzən məktublaşmağa da zamanım qalmır. Çünki yazılarımın üzərində işləyirəm. Artıq romanımı bitirmişəm. Günü sabah çap etmək olar. Hələ ki, çapını özüm saxlayıram. Səkkiz ildir bu romanın üzərində gəzişirəm. Mənim yazıçılıqla bağlı iki fikrim var; birini bayaq dedim ki, qələm Allahın hədiyyəsidir və həqiqəti yazmalısan. İkinci fikrim isə budur ki, özün üçün yazmalısan. Həyatı, insanı dərk etmək üçün qələmə sarılmalısan.

– Niyə özün üçün?

– Çünki başqaları üçün yazanda fikirləşirsən, düşünürsən ki, kiminsə xoşuna gələcək, bir başqası da bəyənməyəcək. Yazarkən heç kimi nəzərə almamalısan. Daha da dəqiqləşdirsək, yazdıqların heç kimə ünvanlanmamalıdır.

– Çingiz müəllim, Əkrəm Əylislinin “Daş yuxular”ına və yazıçıya sərgilənən münasibətlə bağlı fikirlərinizi almaq istərdik…

– Yazıçı ilə o cür rəftar eləmək olmaz. Yazılan əsərlə bağlı müzakirə açmaq, mübahisə etmək olar. Mən özüm də “Daş yuxular”la bağlı müzakirə və müqayisə, mübahisələr etmişəm. Çünki əsərdə çiy yerlər çoxdur. Ona görə ki, Əkrəm Əylisli tarixi faktları o dərəcədə yaxşı bilmir. Amma mən onu hücumlardan qorumaq üçün bir yazıçı kimi müdafiə etdim. Kitaba münasibətimlə bağlı onunla mübahisəmiz də olub. O, vəziyyəti belə görüb. Yalnız ermənilərin ölməyini görüb, azərbaycanlıların həlak olmağını görməyib. Təbii ki, yanlış yanaşmadır.

– Bəs qondarma erməni soyqırımı ilə bağlı mövqeyiniz necədir?

– Ermənilər 1915-ci ilə öz ölkələrində, Osmanlıda üsyan qaldırdılar. Soyqırım məsələsi uydurmadır. Sadəcə üsyançılar və üsyanı yatıranlar arasında qırğın, tələfat olub. Bunun qarşılığında da üsyan qaldıran ermənilər imperiyanın kənar vilayətlərinə sürgün ediliblər. İmperiyadan kənara yox, ölkənin içərisindəki ucqarlara, kənarlara qovulublar. Qovulma prosesində öldürülən də olub, ölən də. Qırğınları pisləmək lazımdır. Onları soyqırım kimi qələmə vermək isə gülüncdür.

– Bir yazıçı kimi Qarabağın sülh, yoxsa müharibə yolu ilə azad edilməsinin tərəfdarısınız?

– Bu iki yolun tərəfdarı deyiləm. Çünki danışıqlar mənasızdır və bunu hamı görür. İndiki şəraitdə müharibə də demək olar ki, sui-qəsd kimi bir şeydir. Ona görə də mən yalnız geopolitik vəziyyətin dəyişməsinə ümidliyəm. Həmin vəziyyət dəyişəcək. Çünki Qarabağ mənim üçün çox əzizdir. Qarabağda, Şuşada çox olmuşam. 14-15 yaşım olanda Şuşada ayaqyalın gəzmişəm. Qarabağı sevirəm… Laçın… Ay Laçın, can Laçın, mən sənə qurban, Laçın…

Bu ərazilər olmadan Azərbaycan Azərbaycan deyil. Şuşa olmalıdır, Qarabağ olmalıdır. Biz həmişə Yuxarı Qarabağdan danışırıq. Axı, Qarabağ böyük məkandır! Onun da düzən hissələri var. Orada yüzcə min erməni yaşayırdı. Ermənilərə bir yerdə qələbə çalmaq lazım idi. Çünki onlar bizə azərbaycanlı yox, türk deyirlər. Biz türkük. Düşündülər ki, Türkiyə ilə bacarmayacaqlar, ona görə də rusların köməyi ilə Azərbaycan türklərini əzsinlər. Bütün günahlar Rusiyadadır, çünki Moskva bu məsələni çox asanlıqla həll edə bilər. Qorbaçovun nə bacarığı, nə ağlı çatdı ki, bu məsələni həll etsin. Üstəlik, satqınlıq da oldu./kult.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password