“Qarabağ”ın bugünkü matçını izləyəcəyik – Fateh Terim
Uzun illər sonra Bakıda olduğum üçün çox xoşbəxtəm. “Qalatasaray” avrokuboklara öyrəncəli komandadır. Azərbaycan bizə hər zaman sevgisindən şübhə etmədiyimiz ölkədir. “Qarabağ”ın “Molde” ilə oyununu izləyəcəyik. Bu komandanın “Neftçi” ilə rəqabət apardığını bilirəm. Heyətdə dəyişiklik edəcəyinə sabah qərar verəcəyik. Sıx qrafiki nəzərə alaraq, bütün oyunçuların buna uyğunlaşmaları lazımdır. Buna görə birinci və ikinci nömrə futbolçuların sintezindən komanda qura bilərik. Buna rotasiya demək olmaz.
Bu fikirləri Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis bildirib ki, hava limanı və oteldə böyük sevgi ilə qarşılaşıblar. Lakin o, meydana qələbə üçün çıxacaqlarını diqqətə çatdırıb:
“Neftçi”nin 2 matçını izlədim. Biri Şimali Makedoniya “Şkupi”si, digəri isə “Səbail”lə görüşləri idi. “Neftçi” 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclüdən biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Mahmudov, Laval, Tallison və Monrozun önəmli oyunçu olduqlarını bilirəm. Xeyirlisi nə olursa, o da olacaq”.