Amerikalı jurnalist Trampı “buldozer” adlandırdı
Jurnalist Bob Vudvard ABŞ Prezidenti Donald Trampı Ağ Ev rəsmilərinin tövsiyələrini dinləməkdə çətinlik çəkən “buldozer” adlandırıb.
Bu haqda məlumatı ABŞ mediası yayıb.
Bir gün əvvəl “Qəzəb” adlı kitabı çıxan Vudvard “Washington Post” qəzetinə verdiyi müsahibədə Trampın işçiləri ilə münasibətlərinə toxunub. Kitab Trampdan alınan müsahibələrdən ibarətdir.
Onun sözlərinə görə, prezident “impulsiv və ya əlindəki məlumatlara əsaslanaraq” istədiyini edən “insan orkestridir”.
Vudvard qeyd edib ki, Tramp “işçilər üçün və səmimi desək, ölkə üçün də bir buldozerdir”.
“Sadəcə istədiyini söyləyir, buna görə nəzarət yoxdur. Bu da onun prezidentliyi dövründə bir komanda qurmamasından irəli gəlir”. Vudvard belə deyib.
Bir gün əvvəl Tramp Vudvardın 480 səhifəlik kitabını “çox tez” oxuduğunu deyib və əlavə edib ki, kitab “darıxdırıcı”dır.
CNN-ə verdiyi müsahibədə Vudvard əminliklə vurğulayıb ki, Tramp nəyin gerçək, nəyin yalan olduğunu ayırd edə bilmir.
18 müsahibəsindən birində Tramp deyib ki, Milli Təhlükəsizlik üzrə məsləhətçisi Robert O’Brienin koronavirusun milli təhlükəsizlik üçün əsas təhdid olacağını söylədiyini xatırlamır.
Vudvard Trampın kitabını tənqid etməsinin onun reallıqdan uzaqlaşmasının bir nümunəsi olduğunu da söyləyib.
Tramp Tvitterdə kitabda yalanların olacağını yazıb. Daha sonra Fox News-a kitabın “yaxşı” olduğunu söyləyib.
“Düzü, onun beynində nəyin real, nəyin qeyri-real olduğu barədə bir fikri olub-olmadığını bilmirəm. Bu səbəbdən kitabın sonunda yazıram ki, ümumiyyətlə, mənim qərarım bu şəxsin bu işə uyğun olmadığıdır” deyib.
Bob Vudvard, ABŞ-ın ən məşhur araşdırmaçı jurnalistlərindən biridir. 1972-ci ildə o, jurnalist həmkarı Karl Bernsteyn ilə birlikdə sonradan tarixə “Vatergate skandalı” kimi düşəcək bir sıra hadisələrin araşdırılmasına başlayıb.
Hər şey 17 iyun 1972-ci ildə Vatergate kompleksinin binalarından birində yerləşən ABŞ Demokratik Partiyasının qərargahına sızmağa çalışan beş nəfərin tutulması ilə başlayıb.
Bu şəxslərin ABŞ Respublika Partiyasında iştirakı sübut edilib.
Vudvard və Bernsteynın araşdırma jurnalistikası, Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti Riçard Niksonu 9 avqust 1974-cü ildə istefa etməyə məcbur edib.
Elə həmin il Vudvard və Bernsteynın Vatergate qalmaqalından bəhs edən bir kitabı – “Prezidentin bütün elitası” nəşr olunub, eyni adlı film 1976-cı ildə çəkilib./konkret.az/