Ermənistanın işğalçılıq siyasəti Niderland ictimaiyyətinin nəzərinə çatdırılıb
Niderlandda Azərbaycan Evi təşkilatının Xristian-Demokrat Çağırışı (CDA) Partiyasının və Elektron Sərhədlər Fondunun (EFF) Haaqadakı beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Anton Veykhuys, Astrid Frey, Hege Knaven, Daniel Franken ilə videogörüşü keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Anton Veykhuysun giriş sözü ilə açdığı tədbirdə Niderlandda Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli çıxış edib. Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsində Rusiya amili, Avropa dövlətlərində ermənilərin “Asala” terror təşkilatının adının yazıldığı geyimlərdə sərbəst dolaşması, Avropa mediasında Dağlıq Qarabağ bölgəsi barədə birtərəfli və qərəzli məqalələrin dərc edildiyi kimi məsələlərə diqqəti cəlb edən Elxan Mirhəşimli deyib ki, müstəqil Azərbaycan dövləti beynəlxalq hüquq normalarına və qanunlara uyğun olaraq işğala son qoyulmasını tələb edir.
Ermənistan silahlı qüvvələrinin 12 iyul təxribatını xatırladan natiq qeyd edib ki, Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddinə xaincəsinə edilmiş hücum ölkəmizdən Avropaya tranzit daşınmaları yerinə yetirən qaz, neft, dəmir yolu xətlərini ələ keçirmək niyyəti güdürdü. “Nəticədə Azərbaycan ordusunun 12 nəfər əsgər və yüksək rütbəli hərbçiləri, 1 nəfər mülki vətəndaşı şəhid oldu. Ermənistan sülhsevər deyil, təcavüzkar və işğalçı siyasət yürüdür. Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunmasını, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsini, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini tələb edirik. Biz istəyirik ki, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlar yerinə yetirilsin”, – deyə soydaşımız vurğulayıb.
O, Avropanın bir sıra ölkələrinin hələ də Ermənistanın işğalçı siyasətinə göz yummasını, bu faşist mahiyyətli təcavüzkar dövləti himayə etməsini yolverilməz hal adlandırıb.
Asrtid Freyin “Sizin və eləcə də ermənilər üçün Qarabağ niyə bu qədər önəmlidir? Qarabağın təbii sərvətləri varmı?” sualını həmvətənimiz belə cavablandırıb: “Qarabağda neft və qaz kimi təbii sərvət yoxdur. Biz yaşadığımız torpağı təkcə təbii sərvətinə görə sevmirik. Bu torpaqlar bizim ata-baba torpaqlarımızdır. Ermənilər bizim torpaqlarda bizimlə birlikdə yaşamaq istəmirlərsə, gedib Ermənistanda yaşaya bilərlər. Onların bir dövləti var və bizim torpaqlarımızda ikinci Ermənistan dövlətinin yaradılmasına izn verə bilmərik. Hər hansı bir dövlətdə, deyək ki, Niderlandda ermənilər toplum halında yaşayırsa, bu o demək deyil ki, onlar orada yeni bir erməni dövləti qurmalıdır”.
Sonda Qarabağ həqiqətlərinin olduğu kimi Niderland ictimaiyyətinə catdırılması məqsədilə yerli siyasi, ictimai və media nümayəndələrinin Azərbaycan icmasının fikrini öyrənməsinin vacibliyi vurğulanıb: “Niderland siyasətçilərinin və media nümayəndələrinin birtərəfli mövqe tutmaması üçün bizim də fikrimiz öyrənilməli, gerçəkliyi çatdırmaq üçün bizə də şərait yaradılmalıdır”, – deyə E.Mirhəşimli bildirib.