Nərimanovun icra başçısı və müavini sahibkara “qan uddurur”- Prezidentə müraciət+FOTOLAR

 

Redaksiyamıza Nərimanov rayonu Ağa Neymətulla küçəsi bina 61A-da məskunlaşmış Xocalı qaçqını, 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit və “Xocalı” Kiçik Müəssisəinin direktoru Nəbiyev Əli İbad oğlunun cənab prezidentə ünvanlandığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən ona ayrılmış kompensasiyadan 2, 4 milyon manatın mənimsənildiyini bildirir.  Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

“Çox hörmətli cənab prezident,

1969-cu ildə ulu öndər Heydər Əliyev mən Nəbiyev Əlini Dağlıq Qarabağa, vəzifəyə yolladı. Xocalı soyqırımında vzvod komandiri olmuşam. Ermənilər məni əsir götürdülər, ağır işgəncələrə məruz qalmışam. 150-yə qədər qohum-qardaşımı itirmişəm. 1996-cı ildə Ulu Öndərin qəbulunda olmuşam. Ulu Öndər mənə Nərimanov rayonunda torpaq ayırtdırıb və kiçik müəssisənin sənədlərini verdirib. Bundan sonra mən binanı tikmək üçün pulum olmadığından faizlə pul almışam. Müəssisəyə bina tikdirmişəm, vermişəm icarəyə. 05.09.2011-ci ildə Nərimanov Rayon İcra Hakimiyyətinin (NRİH) 377saylı sərəncamı əsasında müəssisənin binasını söküblər. Həmin sərəncamla, müəssisəyə Ağa Nemətulla küçəsində 420 m2 torpaq ayırıblar. Müəssisənin sökülən binasına NRİH-i Bakı Şəhər İcra Hakimiyyəti ilə birləşib məndən gizli 3,6 milyon manat kompensasiya yazıblar. NRİH-i “Xocalı” KM-ın rəhbərliyindən gizli, rəhbərliyin müqaviləsi olmadan Maliyyə Nazirliyi və mənə məlum olmayan Bankla əlaqəyə girib, vəzifəsindən sui-istifadə edib, müəssisənin adına ayırdıqları 3,6 milyon manatı alıblar. Cinayətin üstünü ört-basdır etmək üçün, müəssisəyə ayrılan torpaqda zorla, müəssisənin rəhbərliyinin müqaviləsi olmadan, bina tikiblər, binanın 4 yan divarını, binanın içi boşdu. Binanı özləri tərtib etdirdikləri layihə əsasında tikməyiblər. Məhkəmə ekspertinin 4961 saylı rəyinə əsasən bina layihədə olduğu kimi tikilməyib. Eləcədə mənim faizlə pul aldığım iş adamları bu binanın tikintisini 2015-ci ildə hesablayıblar. Məlum olub ki, bu tikintiyə 1,2 milyon manat vəsait sərf olunub. Beləliklə məlum oldu ki, “Xocalı” KM-nin 2,4 milyon manatını mənimsəyiblər.

Müəssisə 10 ildir ki, işləmir. Tikilən binanı müəssisə rəhbəri olaraq mən qəbul etmədiyim üçün NRİH-i 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən xahiş edir ki, müəssisənin pulu ilə, “Xocali” KM-nə tikdirdiyim binanı hərraca çıxartmaq üçün qərar ver. Məhkəmə qərarında yazılır ki, “Xocalı” KM ilə NRİH-i arasında kompensasiyanın əvəzinə, bina tikib verilməsinə müqavilə və razılıq olmayıb. Amma Məhkəmə qərar verib ki, “Xocalı” KM-nin pulu ilə tikilən binanı NRİH-i satsın. NRİH-i Apellyasiya məhkəməsindən xahiş edir ki, 2 saylı məhkəmənin qərarını ləğv eləsin. NRİH-i bildirir ki, “Xocalı” KM-nə tikdirdiyim binanı müəssisə rəhbəri qəbul etmədiyi üçün qərar almışam. NRİH-i iddia edir ki, Binanı “Xocalı” KM-nə vermək üçün kiməsə imza etdirmişəm.  Apellyasiya Məhkəməsi NRİH-inin təkidi ilə işi istintaqa göndərməyin əvəzinə, işi ləğv edib ki, “Xocalı” KM-i təkrar işi məhkəməyə verə bilməsin.

Baş Prokurorluğa 10 ildi müraciət edirəm. Prokurorluq cinayətkarları müdafiə edib və edir. “Xocalı” KM-nin şiakyət ərizəsini Prezident Administrasiyası, Baş Prokurorluğa yollayıb. Baş prokurorluq “Xocalı” KM-nin işini istintaqa yollamayıb ki, iş açılar. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin tədqiqatçısı mayor Quliyevə işi verib ki, işi ləğv eliyə. Quliyev 5 ay işi gizlədib aşağıda sadaladığım sənədlərə baxmayaraq,  Maliyyə Nazirliyindən sənəd aldı ki, “Xocalı” KM-nin adına  olan 3,6 milyon manatı NRİH-i alıb. Quliyev sorğu aparmadı ki, NRİH-i hansı əsaslarla, hansı sənədlərlə, müəssisənin müqaviləsi olmadan, necə pulu alıb? Quliyev gördü ki iş açılır, işi bağladı.

1) NRİH-i “Xocalı” KM-nin sökülən binasına dövlətin ayırdığı 3,6 milyon manat kompensasiyanı hansı sənədlərlə, hansı Bankdan alıb və kimlər alıb?

2) NRİH-i “Xocalı” KM-in rəhbərliyinin müqaviləsi və razılığı olmadan müəssisəyə ayrılmış torpağın üstündə müəssisənin pulu ilə hansı əsaslarla bina tikib. Bunlara əsasən 2020-ci ildə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev cənablarına 5 teleqramma, 6 ərizə ilə müraciət etmişəm. Nə cavab var, nə nəticə.

2-ci Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə xanım Qafarovaya 2 teleqram, 2 ərizə yollamışam. Cavab və nəticə yoxdur.

3-cü  inanılmış Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkil (Ombudsman) Səbinə xanım Əliyevaya 2 teleqram, 3 ərizə yollamışam. Cavab və nəticə yoxdur.

4-cü Dövlət Təhlükəsizlik Xidmətinə 1 ərizə, 1 teleqram yollamışam. Cavab yoxdur, nəticə yoxdur.

5-ci Bakı şəhər İcra Hakimiyyətinin başçısına Əzizov Eldar cənablarına 1 teleqram, 1 ərizə yollamışam. Bu dahi ərizəmi və teleqramı yollayıb cinayətkara.

6-cı Azərbaycanın baş prokuroru Kamran Əliyev cənablarına 6 ərizə, 6 teleqram yollamışam. Cavab və nəticə yoxdur.

7-ci Nazirlər Kabinetinə 4 ərizə, 2 teleqram yollamışam, şikayət ərizəmi və teleqramı cinayətkara yollayıb ki, siz cavab verin.

8-ci Milli Məclisin Təhlüksizlik və Korrupsiya şöbəsinə 2 ərizə yollamışam. Nə cavab var, nə nəticə.

9-cu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov cənablarına 6 ərizə, 5 teleqram yollamışam. Nə cavab var, nə nəticə.

Bu məmurların qəbullarına getmişəm. Heç biri məni qəbul etməyib. Görəsən bu məmurlar bizim dövlətin qanunlarına niyə hörmətlə yanaşmırlar?

2011-ci ildən bu günə qədər 370 ərizə 160 teleqram vurmişam, hamısını yollayıblar cinayətkarlara. Odur ki, bizim Prezidentimiz, şəxsən Sizdən dəstək və köməklik istəyirəm və gözləyirəm. Ümidim Sizə gəlir. Xahiş edirəm ki, bu işin istintaq orqanları tərəfindən araşdırılmasını təmin edəsiniz.

Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

***

Nərimanov Rayon İcra Hakimiyyəti müraciətlə bağlı yenixeber.org-un sorğusunu belə cavablandırıb:

“Xocalı” Kiçik Müəssisəsinin (KM) təsisçisi Əli İbad oğlu Nəbiyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və digər dövlət qurumlarına ünvanladığı müraciət tərəfimizdən araşdırılmışdır.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 2930 №-li Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planı”na, eləcə də Bakı şəhərinin Baş Planına uyğun olaraq, şəhərimizdə aparılan quruculuq abadlıq işləri, iri miqyaslı layihələrin və Dövlət Proqramlarının icrası ilə əlaqədar Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən bir sıra yaşayış və qeyri-yaşayış binalarının sökülməsi zərurəti yaranmışdır. K.Rəhimov küçəsi 35 ünvan üzrə “Xocalı” KM-ə məxsus olan 0,03481 ha torpaq sahəsində yerləşən, 1722,48 kv.m. ümumi, 1214,2 kv.m. əsas və 508,28 kvm. köməkçi sahədən ibarət, ucuz inşaat element və materiallarından inşa edilmiş, orta təmirli və tam istifadədə olmayan 5 mərtəbəli qeyri-yaşayış binasının birinci növbədə köçürülməsi planlaşdırılmışdır.

Köçürülmə ilə əlaqədar “Xocalı” KM-nin təsisçisi Əli İbad oğlu Nəbiyevə ədalətli kompensasiyanın verilməsi təklifi edilsə də o, bu təklifdən imtina edərək, müəssisəyə məxsus ofis binasının əvəzi olaraq rayon ərazisində digər qeyri-yaşayış sahəsinin (ofis binasının) tikilib müəssisənin istifadəsinə verilməsini xahiş etmişdir.

Məsələnin təcili həlli ilə əlaqədar, Nərimanov rayonu, A.Neymətulla küçəsi 61 №-li binanın yaxınlığında Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02.09.2011-ci il tarixli 8/03-8/3002 №-li məktubu və razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) başçısının 05.09.2011-ci il tarixli 377 №-li Sərəncamı ilə “Xocalı” KM üçün 420 kv.m-lik torpaq sahəsi ayrılmış və 1 girişli 8 mərtəbəli (zirzəmi və mansard da daxil olmaqla) qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir.

“Xocalı” KM-nin təsisçisi Ə.İ.Nəbiyevin bütün istəkləri nəzərə alınmaqla tərəflər arasında “Zəmanət müqaviləsi” bağlanmış, rayonun iqtisadi cəhətdən ən əlverişli

mərkəzi hissəsində, müasir memarlıq üslubunda yüksək keyfiyyətli, son dərəcə bahalı inşaat elementləri və materiallarından ibarət ümumi sahəsi 3392,72 kv.m., əsas sahəsi 3124,07 kv.m. köməkçi sahəsi 268,65 kv.m. olan möhtəşəm qeyri- yaşayış binası tikilib başa çatdırılmışdır.

Tikinti işlərinin gedişində Ə.İ.Nəbiyev müqavilə şərtlərini pozaraq podratçı təşkilatın nümayəndələrinin işlərinə dəfələrlə müdaxilə etmiş, tikintinin təyinatının dəyişdirilməsini, ofis binasının gələcəkdə beynəlxalq dərəcəli, son standartlara cavab verəcək mehmanxanaya uyğun rekonstruksiya edilməsini tələb etmişdir.

Mübahisə məhkəmə müstəvisinə çıxarılmış, işin bütün faktiki hallarına məhkəmə aktları ilə hüquqi qiymət verilmiş, nəticə etibarı ilə tərəflər arasında 09.01.2017-ci il tarixdə barışıq sazişi imzalanmış, barışıq sazişi üzrə bütün öhdəliklər yerinə yetirilmişdir.

Hörmətlə, İradə Mahmudova

***

“Xocalı” Kiçik Müəssisəinin direktoru Nəbiyev Əli İbad oğlu redaksiyamıza Nərimanov Rayon İcra Hakimiyyətinin bu cavabı ilə əlaqədar bidirdi ki, cavabda yer alan detallar həqiqətəuyğun deyil. Mənim “Xocalı” Kiçik Müəssisəinin direktoru olaraq Nərimanov Rayon İcra Hakimiyyəti ilə heç bir barışıq sazişim olmayıb və yoxdur. Ümumiyyətlə bizim aramızda heç bir rəsmi müqavilə, yaxud başqa bir sənəd olmayıb və yoxdur.

Mən “Xocalı” Kiçik Müəssisəinin direktoru Nəbiyev Əli İbad oğlu olaraq təkrarən tələb və xahiş edirəm ki, bu problem istintaq müstəvisində həll olunsun. (yenixeber.org)

 

 

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password