Emoməli Rəhmon Tacikistanda prezidentliyə namizəd kimi irəli sürüldü – 28 ildir rəhbərlik edir
Tacikistan Müstəqil Həmkarlar İttifaqları Federasiyası avqustun 26-da hazırkı dövlət başçısı Emoməli Rəhmonu prezidentliyə namizəd göstərib.
Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, qanuna görə, həmkarlar ittifaqları həm siyasi partiyalar, həm də Gənclər Birliyi ilə birlikdə Tacikistanın gələcək prezidenti vəzifəsinə namizədlər irəli sürə bilər.
Emoməli Rəhmon Tacikistan prezidentliyinə beşinci iddiaçı olub. Bundan əvvəl Rüstəm Lətifzoda (Tacikistanın Aqrar Partiyası), Abduxhalim Gafforov (Tacikistan Sosialist Partiyası), Səidjafar Usmonzoda (Tacikistan Demokratik Partiyası) və Rüstəm Raxmatzoda (Tacikistan İqtisadi İslahatlar Partiyası) prezidentliyə namizəd elan edilib.
Tacikistan Kommunist Partiyasından və Tacikistanın hakim Xalq Demokrat Partiyasından prezidentliyə namizədlər sentyabrın əvvəlində elan ediləcək.
Tacikistanın müxalif Sosial Demokrat Partiyası prezident seçkilərini boykot etmək ehtimalı var. İki gün əvvəl Sosial Demokratlar Partiyasının lideri Rahmatillo Zoyirov ölkə prezidentliyinə namizəd olmayacağını açıqlamışdı.
O, həmçinin Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmonun bir siyasi partiyanın sədri olmaq hüququnun olmadığını da qeyd edib: “Bundan başqa, ölkədə çoxpartiyalı sistem məhv edildi, həqiqətən də təkpartiyalı bir sistem quruldu”.
Tacikistanda növbəti prezident seçkiləri oktyabrın 11-də keçiriləcək.
Emoməli Rəhmon 28 ildir Tacikistana rəhbərlik edir.(konkret.az)