Azərbaycanda kriminal avtoritet həbs olundu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, kriminal aləmdə “Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınan 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılaraq, Kəpəz Rayon Polis İdarəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, “naqan” tipli revolver tapança, həmin tapançanın barabanından isə dörd ədəd atəşə yararlı 9 mm kalibirli “Makarov” tipli tapançanın patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Krıtı Malış Gəncəli” gürcü avtoritet Mindiya Qoradze ilə bir yerdə həbsdə yatıb və onunla yaxın əlaqələri olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password