“Mən yox, amma ərim…” – Svetlana Tixanovskayanın arzusu
Belarusda keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya ölkədə yeni seçkilər keçiriləcəyi təqdirdə, dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırmır, ancaq əri Sergey Tixanovskinin namizəd ola biləcəyini düşünür.
Bu barədə Polşa mətbuatına açıqlamasında bildirib.
Ərinin prezidentliyə namizəd olub-olmayacağını soruşduqda Tixanovskayanın cavabı belə olub: “Düşünürəm ki, olmaq istəyir. Buna görə də yeni seçkilər təşkil etməyə çalışırıq. Əsas şərt siyasi məhbusların sərbəst buraxılmasıdır. Onların arasında ərim də var. Viktor Babariko da siyasi məhbusdur”.
Tixanovskaya özü haqqında isə deyib ki, artıq seçkidə iştirak etməyi planlaşdırmır: “Bu siyasət kifayətdir. Bugünkü fəaliyyət sadəcə mənim məsuliyyətimdən irəli gəlir. Ancaq siyasət mənim üçün deyil”.
O, gələcəkdə insan hüquqları sahəsində işləmək istədiyini vurğulayıb: “Amma bu barədə danışmaq hələ tezdir. Əsas məqsəd yeni seçkilərdir”.
Tixanovskaya Belarus hökuməti ilə dialoqun tezliklə başlayacağına ümid etdiyini bildirib.
Bloqqer Sergey Tixanovski mayın 29-da Qrodno şəhərində keçirilən seçki piketində tutulub. Bloqqer ilə birlikdə, arvadının təşəbbüs qrupunun təxminən on üzvü, habelə piketə gələn təsadüfi insanlar saxlanılıb.