Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinə sədr təyinatı olub
Mətin Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Mətin Balasən oğlu Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olmuşdur.
1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.