Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur – İlham Əliyev
Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur.
Bunu Prezident İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edərkən çıxışında deyib.
Dövlət başçısı bildirib:
“Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.