Beyrut ermənilərini Qarabağda fəlakət gözləyir – Gəlirlərsə, gəlsinlər…
Livanda baş verən partlayışdan zərər çəkən erməniləri köçəcəkləri halda Dağlıq Qarabağda daha böyük fəlakət gözləyəcək. Hər halda Beyrutdakı partlayışın fəsadları aradan qaldırılacaq, lakin Dağlıq Qarabağda hər an müharibə başlaya bilər. Bu müharibənin yaradacağı dağıntı isə Beyrutdakından daha təhlükəli olacaq.
Bu sözləri açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov İranda dərc edilən “Araks” nəşrinin redaktoru, analitik Movses Keşinyanın Beyrutdakı partlayışdan sonra Livan ermənilərinin Ermənistana qayıtması ilə bağlı təkliflərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Ermənistan rəhbərliyi təbliğat yolu ilə Livan ermənilərini işğal olunmuş Dağlıq Qarabağa köçürmək istəyir:
“Beyrut partlayışı Ermənistan üçün sanki göydəndüşmə bir fürsət oldu. Hazırda partlayışdan zərər çəkən erməniləri Ermənistana cəlb etmək üçün genişmiqyaslı təbliğat proqramına start verilib. Əslində, ermənilər özləri də etiraf edir ki, onlar işğal edilmiş əraziləri birbaşa Ermənistana birləşdirmək gücündə deyillər. İlk növbədə bu planın reallaşması iqtisadi və demoqrafik baxımdan mümkün deyil.
Ermənistan bundan öncə də xaricdə, xüsusilə Yaxın Şərqdə yaşayan ermənilərin işğal olunmuş torpaqlara yerləşdirməsi yönündə təşəbbüs göstərmişdi. Lakin bunun effektiv olduğunu demək olmaz. Əslində, rəsmi İrəvanın bu addımları onların nə dərəcədə çarəsiz olduğunu göstərir. Çünki yerli əhali ölkəni sürətlə tərk etməkdədir. Bu mənada, düşmən ölkə təbliğat yolu ilə ölkəyə xaricdə yaşayan erməniləri cəlb etməyə çalışır”.