Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərar verdi
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri E.Rüstəmovun, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru T.Piriyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun və mütəxəssis – Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyevin yazılı mülahizələrini, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.