İrəvanın keçmiş meri Serj Sarkisyanın kürəkəninə görə tutulub? – Paşinyan düşmənlərini sıradan çıxarır
Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının keçmiş sədri Robert Nazaryan Vatikandakı keçmiş səfir, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın da ortaya çıxdığı cinayət işi çərçivəsində tutulub.
Bu haqda məlumatı erməni mediası yayıb.
Xüsusi İstintaq Xidməti bildirir ki, Nazaryan Cinayət Məcəlləsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə şübhəli bilinir.
İstintaq müəyyən edib ki, Nazaryan Minasyanla birgə “Dzoraget Hydro” MMC-nin imtiyaz almasına kömək edib və nəticədə 7,05 milyard dram (təxminən 15 milyon dollar) gəlir götürülüb.
Xatırladaq ki, “Dzoraget Hydro”nun adı başqa bir cinayət işində hallanır. 2010-cu ilə qədər Müdafiə Nazirliyinin balansında olan “Dzora SES” şirkəti “Dzoraget Hydro”ya satılıb. 4,6 milyard dram dəyərində olan əmlak “Dzoraget Hydro”ya 1 milyard ucuz qiymətə verilib.
Bu işə görə də Ermənistanın o zamankı müdafiə naziri Seyran Ohanyana mənimsəmə maddəsi ilə ittiham irəli sürülüb.
Minasyana gəlincə, keçmiş prezidentin kürəkəni vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz zənginləşmə, çirkli pulların yuyulması və gəlir vergisi bəyannaməsində saxta məlumatlar verməkdə ittiham olunur. O, hazırda axtarışdadır.(konkret.az)