Bu günlərdə Los-Ancelesdə (ABŞ) keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri səslənib.
İfadan öncə əsər haqqında danəşarkən Ruslan qeyd etdi ki, o, Azərbaycanda doğulub və doğma ölkəsinin bəstəkarının parlaq əsərini təqdim edir. “Noktürn”ün gözəl qəlbəyatan musiqisi məşhur musiqiçilər R.Biryukovun və F.Fettanın orijinal interpretasiyasında xarici dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Ruslan Biryukov – öz “yüksək artistizmi, ehtirası və fərdiliyi” ilə dünyada tanınmış istedadlı violonçel ifaçısıdır. O, təhsilinin təməlini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında, daha sonra isə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında alıb. Məktəb-studiyada oxuyarkən, o, beynəlxalq və respublika müsabiqə və festivallarda böyük rəğbət qazanmış, onun adı “Yeni adlar” Rusiya beynəlxalq proqramının “Qızıl kitabına” daxil edilmişdir. Artıq gənc yaşlarından, Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edərək, Biryukov çox zaman onların ilk ifaçısı olmuşdur. Sonralar violonçel ifaçısı dünyada bir çox mükafatlar alıb. Həmçinin 17-ci Beynəlxalq «Phi Epsilon» müsabiqəsində. Hazırda Ruslan Biryukov – Qlendeyl filarmonik orkestrin rəhbəri və Los-Ancelesdə Positive Motions konsertlər seriyasının bədii rəhbəridir. O, auditoriyanın diqqətini cəlb edən xarizmatik cazibəli ifaçı kimi qəbul olunur.