Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb
Ermənistan dünya birliyinin diqqətini Azərbaycan ərazilərinin işğalından, törətdiyi etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərdən yayındırmağa və yaratdığı qondarma rejimin təbliğinə yönəlmiş cəhdlərini davam etdirməkdədir.
Bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, bu günlərdə Ermənistan BMT-də məktub yayaraq qondarma rejimə aid kağız parçasını ona əlavə etmişdir:
“İtkin düşmüş şəxslərdən bəhs edən bu kağız parçasında öz əksini tapmış məsələlərin heç bir əsası yoxdur və sadəcə münaqişənin müxtəlif aspektlərinin təhrif edilməsinə yönəlib.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 71-i uşaq, 267-si qadın və 326-sı qoca olmaqla ümumilikdə 3889 nəfər azərbaycanlı itkin düşmüşdür. Ermənistan heç bir vəchlə itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsində maraqlı deyil. Bunun səbəbləri də aydındır. Təkzibolunmaz məlumatlar göstərir ki, həmin insanların əksəriyyəti qətlə yetirilmiş və ya işgəncə və xəstəliklərdən vəfat etmişlər. Buna görə də Ermənistan sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini gizlətməyə çalışır və humanitar təşkilatlar çərçivəsində əməkdaşlıqdan boyun qaçırır.
Hesab edirik ki, itkin düşmüş şəxslər məsələsinin siyasiləşdirilməsinə yol verilməməli, ona sırf humanitar prizmadan yanaşılmalı və yüzlərlə ailələrin iztirablarına, qeyri-müəyyənliyə son qoyulmalıdır.
Girov götürülmüş insanların taleyi də böyük narahatlıq doğurur. Öz doğmalarının məzarlarını ziyarət edən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevi hələ də girovluqda saxlayan Ermənistanın əsir və girovların “Hamının hamıya dəyişdirilməsi” prinsipinə qarşı çıxması bu ölkənin qeyri-insani mahiyyətinin, insan taleyinə münasibətdə məsuliyyətsiz davranışının daha bir bariz nümunəsidir.
Münaqişədən uzun illər əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq humanitar hüququn müddəalarına əməl edilməsinə xüsusi diqqət yetirir və bu sahədə beynəlxalq səyləri dəstəkləyir.
Azərbaycan BMT-də iki ildən bir “İtkin düşmüş şəxslər” və “Silahlı münaqişələr zamanı girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamələr irəli sürür. Qətnamələrin əsas məğzi bu kateqoriyadan olan şəxslərin taleyinin müəyyənləşdirilməsinə mümkün olduğu qədər töhfə verməkdən ibarətdir.
Bildiririk ki, münaqişənin mahiyyətini müxtəlif cəhdlərlə təhrif etməyə çalışan Ermənistan törətdiyi cinayətləri gizlədə bilməyəcək və mütləq qaydada onlara görə cavab verməli olacaq”.