Ukrayna səfiri Ermənistan XİN-ə çağırılıb – Kiyevin Azərbaycanı dəstəkləyən bəyanatından sonra
Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İvan Kuleba iyulun 14-də Xarici İşlər Nazirliyinə dəvət olunub, onu xarici işlər nazirinin müavini Şavarş Köçəryan qəbul edib.
Bu haqda məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, Köçəryan Ermənistan-Azərbaycan sərhədindəki gərginlik barədə Ukrayna Xarici İşlər Nazirliyinin açıqlaması ilə bağlı iradını bildirib və Ermənistanın mövqeyini səfirə təqdim edib.
Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir: “12 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən sonra Azərbaycanın Tovuz istiqamətinə edilən atəşdən dərin narahatlığımızı bildiririk”.
Xarici İşlər Nazirliyi, tərəfləri münaqişənin dinc yolla, beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll etmək yollarını axtarmağa davam etməyə çağırıb.
Bəyanatda, həmçinin bildirilib ki, Ukrayna tərəfi, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında vəziyyətin siyasi yolla tənzimlənməsinin tərəfdarıdır.
Görünür, rəsmi Kiyevin bu ədalətli bəyanatı İrəvanı qane etməyib və səfir təcili olaraq Ermənistan XİN-ə çağırılıb.
Xarici işlər nazirinin müavini Şavarş Köçəryanın səfir İvan Kulebaya təqdim etdiyi sənəddə nə yazıldığı haqda informasiya verilmir.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, atışma nəticəsində mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan öldürülüb. Azərbaycan isə 11 nəfərin öldüyünü rəsmi olaraq təsdiqləyib.
Ermənistan-Azərbaycan sərhədində eskalasiyaya dair narahatlıqlar, xüsusilə Rusiya Xarici İşlər Nazirliyi və Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ Dövlət Departamenti, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən ifadə edilib.
KTMT, eyni zamanda, Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyətin kəskinləşməsindən ciddi narahatlığını bildirib və dərhal atəşkəsə çağırıb.
Narazılığı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da dilə gətirib və Moskvanın vəziyyətin nizamlanması üçün vasitəçilik səylərinə hazır olduğunu deyib.(konkret.az)