Yeni qadağalar iş yerlərinin ixtisarına səbəb ola bilər – Sahibkarlar narahatdır

Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da pandemiyanın ən çox ziyan vurduğu sahələrdən biri kiçik və orta sahibkarlıqdır. Ölkə başçısı və hökumət ilk dövrdən etibarən bu sahəni mümkün qədər qorumaq üçün müəyyən addımlar atdı, vergi və kredit güzəştləri edildi, muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün sahibkarlara yardımlar olundu və s.

Lakin bu güzəşt və yardımların daimi və yetərli olmayacağı da bəllidir. Ona görə də, sahibkarlar özlərini mümkün qədər situasiyaya uyğunlaşdırmağa, bu çətinliyin keçilməsində öz imkanlarını səfərbər etməyə çalışırlar ki, bu da təbiidir. Ancaq Nazirlər Kabineti karantin tədbirləri və fəaliyyətinə icazə verdiyi sahələr üzrə işçilərə icazə verilməsi qaydalarına tez-tez tətbiq etdiyi dəyişikliklərlə sahibkarların onsuz da çətin olan durumunu bir qədər də çətinləşdirmiş olur.

Redaksiyamıza müraciət edən sahibkarların bir çoxu hazırda mövcud olan qeyri-müəyyənliyin onların işinə çox pis təsir göstərdiyini, bu da azmış kimi, karantinlə bağlı icazə alınması sistemindəki mütəmadi dəyişikliklərin bu durumu bir az da ağırlaşdırdığını bildirirlər.

Xatırladaq ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında son Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Qeyd olunub ki, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır: “Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik. Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa avtomatik olaraq ləğv ediləcəkdir”.

Sahibkarlar bildirirlər ki, onsuz da pandemiyanın getdikcə güclənməsi və iqtisadi fəallığın azalması fonunda işçilərin bir qismini ixtisar etmək məcburiyyətində qalıblar. Hazırda əksər iş yeri sahibləri mümkün qədər az işçi sayı ilə fəaliyyət göstərməyə çalışırlar. İndi həmin işçilərin də yalnız 50 faizinə icazə verilməsi bəzi sahələrdə ümumiyyətlə işin dayandırılması anlamına gəlir. Onsuz da yarı gücü ilə işləməyə məcbur olan bir çox kiçik və orta biznes sahibləri mümkün olduğu qədər azaltdıqları işçi sayını indi də tam yarı bölməli olacaqlar. Bu isə əksər hallarda ümumiyyətlə iş prosesini mümkünsüz edir.

Nəticə etibarilə icazələrlə bağlı qoyulan yeni qadağa ölkə başçısının və hökumətin iş yerlərinin ixtisarına gedilməməsinə dair sahibkarlara çağırışı ilə zidddiyyət təşkil edir. Çünki bu qadağa faktiki olaraq, işçilərin sayını yarıbayarı azaltmağı şərtləndirir. Ona görə də sahibkarlar ümid edirlər ki, bu tip qadağalara yenidən baxılacaq və nə zaman bitəcəyi bəlli olmayan pandemiya dövründə icazələrin verilməsi sistemi daha mükəmməl qurularaq, dövrün və biznes mühitinin tələblərinə adekvat olacaq…(azpolitika.info)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password