Hesablama Palatası tərəfindən 130 milyon manatdan çox vəsait bərpa olunub – Vüqar Gülməmmədov
Artıq xərclərin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, son illər aparılan nəzarət tədbirləri nəticəsində Hesablama Palatası tərəfindən 130 milyon manatdan çox vəsaitin həm pul, həm də natura şəklində bərpasına nail olunub.
Onun sözlərinə görə, bu dövrdə ümumilikdə 35 material hüquq-mühafizə orqanlarına göndərilib. Bu materiallar da kifayət qədər maliyyə tutumludur və hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilərək, məqsədəuyğun tədbirlər görülüb:
“Hesablama Palatasının funksiyaları dövlət vəsaitlərinin istifadəsinə nəzarətlə bağlıdır və biz bu sahədə milli qanunvericiliyin bizə tanıdığı səlahiyyətlər çərçivəsində hərəkət edirik. Biz nəzarət fəaliyyətimizi beynəlxalq standartlara əsaslanan metodologiyaya uyğun qurur, nəzarəti dövlət vəsaitlərinin istifadəsi ilə bağlı mövcud qanunvericiliyin tələbləri əsasında tərtib olunan sənədlər üzrə həyata keçiririk”.