Qubad İbadoğlu- Heç olmasa prezidentin sərəncamlarını oxuyun…

“Prezidentin sərəncamlarını oxuyun və ona əməl edin”.

Bunu iqtisadçı professor Qubad İbadoğlu işsiz kimi qeydiyyata alınan şəxslərə 190 manat birdəfəlik ödəmənin ancaq sərt karantin rejimi elan olunan şəhərlərdə yaşayanlara şamil olunmasından danışarkən deyib.

Qubad İbadoğlu diqqəti Prezidentin sərəncamına yönəldib:

“Prezidentin 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamının adı “Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması” adlanır. Nazirlər Kabinetinin Tədbirlər Planı da ordan irəli gələn vəzifələrin həlli üçün nəzərdə tutulub. Təbdirlər Planının 2-ci bölməsinin 4-cü maddəsi də Dövlət Məşğulluq Xidməti (DMX) orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi adlanır. Deməli, söhbət pandemiyanın təsirlərinin aradan qaldırılmasından və işsiz kimi qeydiyyata alınan şəxslərə yardımdan gedir. Onda nədən prezident sərəncamı və Nazirlər Kabinetinin qərarını Baş nazir özü pozur? Heç olmasa öz qərarlarınızı, prezidentin sərəncamlarını oxuyun və ona əməl edin. Harda yazılıb ki, işsizlərə sosial yardım karantin rejimi tətbiq edilən şəhər və rayonlar üçündür? Hətta belədirsə, onda həmin şəhər və rayonlarda fəaliyyəti dayandırılmış fərdi (mikro) sahibkarlara və muzdlu işçilərə nədən ödənişlər edilmir? Tədbilrər Planında konkret olara, DMX orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslər nəzərdə tutulduğu halda nədən həmin statusu olan on minlərlə işsiz 190 manatlıq proqramdan kənarda qaldı? Suallar çoxdur, getdikcə də artacaq. Kim mənə izah edər ki, Gəncə DMX orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslə Qazax DMX orqanlarında işsiz kimi qeydiyyata alınan şəxsin arasında sosial statusuna görə hansı fərq vardır? Əgər fərq yoxdursa, ondan nədən biri 190 manatı 3-cü ayda da almalıdır, o birisi yox? Karantin rejiminin necə olmasının işsizə nə dəxli var ki? Hər iki halda onsuz da onlar işləmirlər. Bəs, onda işsiz statusu almaq nəyə yarayır ki?

Yekunda sadə iki misal çəkim. Təsəvvür edin ki, rayon toylarında müğənnilik etməklə pul qazanan və vergi ödəyicisi olan xanəndə toyların qadağan olunmasına görə 4 aydır ki, qazancını itirib, yalnız 1 ay 250 manat alıb. Bəs onda belə adamlar 4 aylıq xərclərini nəylə ödəməlidir?”

Qubad İbadoğlu qeyd edib ki, bu həssas dönəmdə ədalətli qərar qəbul edilməlidir:

“İnsan həyatının bu qədər ucuzlaşdığı zamanda hər şeyi pula çevirib, pulla ölçməyək. Özümüzü heç olmazsa bir dəfə pandemiya dövründə işsiz qalanların yerinə qoyaq və fikirləşək ki, yaşam şərtlərinin ağırlaşdığı hazırkı şəraitdə onlar nəylə dolanırlar? Müqayisə edək, görək başqa dövlətlər sosial ehtiyacı olan vətəndaşlarının həyatda qalması üçün nələr edir və biz nələr edirik. Bu qədər görməməzlikdən gəlməyin”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password