Azərbaycan XİN indi də Goranboy rayonunu mübahisəli əraziyə çevirir… – RƏZALƏT
Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatını Azərbaycan XİN-nin şərh etməsi kənar müşahidəçilər üçün çoxlu suallar doğurmuşdur. Birincisi, nazirliyin bəyanatında həmişə olduğu kimi müxtəlif məsələlər qarışdırılır. Bəyanat rusca yazılıb və tərcumə edildiyindən mətnin müəyyən yerlərində uyğunsuzluqlar var. Baxın XİN nə deyir:
“Azərbaycanın keçmiş Şaumyan rayonu ilk dəfə 1930-cu ildə keçmiş Gəncə qəzasının ərazisində əsasən ermənilərin məskunlaşdığı ərazilərin daxil olduğu Şaumyan kənd rayonu inzibati vahidi şəklində yaradılıb”.
Sadəcə bu cümlə özü ilə nə qədər mübahisə gətirdiyini XİN başa düşürmü? Əvvəla, XİN təsdiq edir ki, keçmiş Şaumyan rayonu əsasən ermənilərdən təşkil olunubmuş. Əksinə, bu rayon çoxmillətli olub, həm erməni, rus və azərbaycanlı kəndlərindən ibarət idi. İkincisi, XİN niyə Gəncə qəzası məsələsini önə çəkir? Məgər həmin ərazi 1930-cu ildə Gəncə qəzası adlanırdımı? Bunu təxribatçı yanaşma da adlandırmaq olar. Tarixə söykənmək istəyən XİN bəlkə tarixi bir az öyrənərdi və bu bölgənin əhalisinin əsasən 1828-ci ildə İrandan, qismən isə 1896-cı ildə Türkiyədən köçürülən ermənilər olduğunu yazması daha da uyğun olardı. O bölgənin qəbristanlıqlarına və tikdikləri kilsələrə gedib baxsanız, ən qədim ölənlərin tarixinin Çaykənddə, Murutda olduğu kimi 1828 və 1896-cı illərdən başladığını görərsiniz.
“Бывший Шаумянский район Азербайджана был впервые создан в 1930 году в форме административной единицы, то есть Шаумянского сельского района, куда вошли в основном населённые армянами территории бывшего Гянджинского уезда”
Bəyanatın özü faktiki olaraq keçmiş Şaumyan rayonunu da mübahisəli ərazi statusuna çevirir. XİN, buranın Azərbaycana məxsus olduğunu sübut etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə istinad edir. XİN-nin istinadına baxın:
“Xatırladırıq ki, hələ 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Sarqsyan Azərbaycana qarşı” adlı qərarının 30-cu paraqrafında məhkəmə qeyd edib ki, keçmiş Şaumyan rayonunun (Goranboy) “DQR tərəfindən ərazisinin bir hissəsi olduğu iddia edilir…”. Təqdim olunan dəlilləri nəzərdən keçirən məhkəmə 134 və 139-cu paraqraflarda müəyyən edib ki, bu rayon Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və beləliklə, Ermənistanın iddiası rədd edilir.”
Burdan da belə çıxır ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu ərazinin Azərbaycana məxsus olduğunu qəbul edib və bu ərazi “DQR” ərazisi deyil Azərbaycanın beynəlxalq ərazisidir. Gülünc və anlaşılmazlıq tam da buradadır. Bu cür bəyanat XİN-ə uyğundurmu? O zaman XİN-in baxışına görə, Gəncə ilə bağlı da bu məhkəmənin qərarının olması lazımdır? Azərbaycanın öz əraziləri üzərində suverenliyi üçün Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları lazımdırmı??? Absurdluğun sərhədi yoxdur…
Ermənistan Şaumyan erməniləri deyəndə, Azərbaycan XİN də 99 faizi azərbaycanlılardan təşkil olunmuş Amasiya rayonunu soruşmalıdır. Ya Göycə mahalının camaaatı hardadır sormalıdır. Bu məsələlərə o kontekstdə yanaşılır. Təbii ki, XİN-in bu bölgələrdən xəbərdar olması da sual doğurur.
XIN-in bəyənatının sonu daha təəccüblü və qeyri-peşəkardır. Burası lap bağça uşaqlarının bir-biri ilə oynadıqları zaman işlətdikləri sözlərə oxşayır. Öxucuların özləri qiymət versin. XİN deyir:
“Bəlkə də Ermənistan XİN-in son açıqlamasına öz ölkələrindəki mürəkkəb daxili vəziyyət təsir göstərib və bu yolla onlar öz xarakterlərinin ağırlığını göstərmək istəyirlər. Ancaq məntiqi o olardı ki, Ermənistan tərəfi bizimlə masa arxasında oturaraq, bütün səviyyələrdə dəfələrlə bəyan edilən təkliflər əsasında danışıqları yekunlaşdırsın”.
Kim başa düşmürsə, yaxşı olar ruscasına baxsın. “Может на последние заявления и комментарии МИД Армении оказывает давление сложная внутриполитическая ситуация в их стране, и они таким образом хотят показать твёрдость своего характера. Хотя логичнее было бы сесть с нами за стол и завершить переговоры в соответствии с теми предложениями, о которых неоднократно говорилось на всех уровнях”. .
Ermənilər 27 ildir torpaqları işğalda saxlaya bilirsə, demək ki, artıq xarakterlərinin sərtliyini göstərirlər. İkincisi, hansı danışıqları? Erməni, rus heç bir danışıq yoxdur deyirsə, Azərbaycan XİN-i hansı danışıqları yekunlaşdırır?
(moderator.az)