Mirzə İbrahimovun papağı…

Fazil Mustafa

Xaricdə gizlənmiş şərəfsizlərin təhqirlərinin cavabı mütləq veriləcəkdir. Hansı mövzuda təhqir ediblərsə, o mövzudada praktik təhqirlə qarşılaşacaqlar. Azərbaycandakı şərəfsizlərdən bir qismi də düşünür ki, necə edək ki, şəxsimizin mövqeyinə qarşı milli qaragüruhumuzu səfərbər etsinlər. Baxıram ki, Rasim Müzəffərli adlı birİsi mənim keçmişdə yazdığım Heydər Əliyevlə, İlham Əliyevlə, Yeni Azərbaycan partiyası ilə bağlı yazılarımı paylaşaraq göstərmək istəyir ki, bəs Fazil Mustafa mövqe dəyişib. Rasim Müzəffərlinin obrazında bütün milli və qeyri milli əbləhlərə söyləmək istəyirəm ki, bu cür paylaşımları bacardıqca çox edin, çünki cəmiyyət görsün ki, qaragüruhçuluqdan xilas olan və dövlət adamı olma cəsarətini göstərən çox azsaylı siyasətçilərdən biriyik. Bəli, mən mərhum Heydər Əliyevə də, prezident İlham Əliyevə də, Yeni Azərbaycan Partiyasına qarşı da ən sərt, ən açıq, ən barışmaz müxalifətdə olmuşam. təmsil etdiyim cinahdakıların çoxu kimi o dövrün iqtidarı ilə gizli danışıqlara getməmişəm, bəziləri kimi Parlamenti yox, 37 yaşında səngərdə hərbi xidməti seçmişəm. Əbülfəz Elçibəyə qarşı da ölüm gününə qədər olan hücumların cavabını da ən kəskin formada indiki saxta “Elçibəyçilərə” və başqa yaramazlara və bəzən də haqlı opponentlərə qələmimlə, sözümlə vermişəm. Keçmişdə yazdığım doğrulu-yanlışlı heç bir məqaləmdən, heç bir kitabımdan da imtina etməmişəm. Etməyəcəyəm də. Çünki mən öz ömrümün bütün səhifələrinə sahib çıxan bütöv insanam. 2005-ci ildən siyasi düşüncəmdə dönüş yaradaraq iqtidarla düşmənçiliyə son qoymağı qərara aldım və yaratdığım partiyanın konstruktiv müxalifət mövqeyində siyasi fəaliyyətini davam etdirəcəyini bildirdim. Əsas şüarım da bu oldu ki, biz bu hakimiyyətlə hesablaşırıq, ancaq siyasi kursu ilə razılaşmırıq. Yəni güclə hesablaşmalısan, ancaq bəyənmədiyin fikirlə razılaşmama haqqına sahibsən. Yenə də kimsə ilə gizli danışığım olmayıb, etiraf edim ki, parlamentdə təmsilçiliyimi də yaşadığım dairədə seçicilər dəstəkləyib, hakimiyyət isə hansısa əngəl törətməyib. 15 ildir parlament jurnalistləri də Milli Məclisin ən fəal deputatı seçirlər və müstəqil, tənqidi və aktual mövzularda çıxışlarımın da hər kəs şahididir. Neçə illərdir keçmiş yazılarımı paylaşaraq mənə qarşı əks təbliğat aparmaq istəyən əbləhlər göstərmək istəyirlər ki, adam necə ola bilər ki, bu qədər fikirlərini dəyişsin. Rasim Müzəffərli adlanan və onun kimi düşünən əbləhlər! Siyasətdə əbədi mövqe yoxdur, cəmiyyət üçün faydalı mövqe var. O zaman mən xalq hərəkatının içindən gələn və qaragüruhun əhval-ruhiyyəsinə görə siyasət anlayışımı müəyyənləşdirən bir siyasət adamı kimi, o zümrənin maraqlarından çıxış edərək Heydər Əliyevə də, İlham Əliyevə də, Yeni Azərbaycan partiyasına ən amansız formada, hətta bəzən təhqirə varacaq qədər sərtliklə məqalələr yazırdım, müsahibələr verirdim. Əbülfəz Elçibəyin vəfatından sonra bir neçə il də bu mövqeyi sürdürdüm. Düşüncələrimin dəyişməsində təbii ki, liderim Əbülfəz Bəyin yoxluğu və çox sayda mütailə etdiyim kitablar rol oynadı. Bəzən 8 yaşında saqqalsız, 60 yaşında da saqqallı uşaqlar Əbülfəz bəyi “satmağımız”dan yazanda, qaragüruhçuluğun nə qədər ağır faciə olduğunu daha dərindən anlayırsan. Bəli, sona qədər o böyük və ləyaqətli kişinin kursunu davam etdirdim, vəfatından sonra o əxlaqda, o səmimiyyətdə hansısa lideri görmədiyimə görə öz lideri olacağam təşkilatı yaratdım. Həm də Xalq Cəbhəsinin adını və Əbülfəz bəyin siyasi kölgəsini sığınmaq üçün indi onun mirasını ərdəmsiz və bəsirtəsiz istifadə edən siyasi və qohum kimliklərə buraxdım. Bu illər ərzində haqqımda olmazın böhtanlarını yağdırdılar, adımı kəşfiyyatlarda, təriqətlərdə, qruplarda hallandırdılar. Lakin alnıaçıq şəkildə bütün bu əxlaqsızlıqların qarşısında duruş gətirdim, ağlımla, qələmimlə, sözümlə ən böyük xarici və daxili şəbəkələrin hücumlarını bir çox hallarda təkbaşına dəf etdim. Heç bir təriqətə və məzhəbə aid olmayan və dini ibadətlərini aralıqsız yerinə yetirən, ailə dəyərlərinə bağlı, heç bir dövlətin kəşfiyyat şəbəkəsində olmayan və öz dövlətinin maraqlarını üçün hər cür fədakarlığa hazır olan, heç bir hakimiyyət və ya regional qruplaşmalarda yer almayan, müstəqil bir siyasətçiyəm. Böhtanla nəsə deyib və yaza bilərlər, ancaq ortaya heç bir sübut qoya bilməzlər.

Bu günlərdə də xaricdən yönləndirilən və polisin üzərindən Azərbaycan dövlətini hədəf alan bir qaraguruhçu kampaniyanın qarşısında da öz dövlətimin maraqlarından çıxış edərək polisimizə qarşı zibil atan və bu yaramazlığı dəstəkləyən zibilləri də öz adı ilə çağırdım. Üstəlik də polisin törətdiyi qanunsuzluğu da dilə gətirərək cəzalandırılmasının vacibliyini bildirdim.

Budur siyasi keçmişimizin xronikası cənab və xanım dar düşüncəli əbləhlər! İcazə verirəm, yayın mənim yazılarımı, ödənişsiz nökərçilik edin, 22 kitabımda olan məqalələri, fikirləri yaymanız ölkədə maarifçiliyə böyük töfhə olacaqdır, qaragüruhçuluqdan xilasınız üçün oxuyun məqalələrimi, keçmişdəki emosiya ilə yazılmışlarla, indiki ağılla yazılmışları müqayisə etməyə imkan yaradın, yazıqdır o insanlar, otuz ildir o küçələrdə dolaşdırıb kitabdan, ədəbiyyatdan uzaq saxlamısınız, dəyişə bilmirlər, Avropaya gedib daha da tərbiyəsizləşirlər, tiranlaşırlar. Əsərlərimin xeyrini mütləq görəcəklər, ağıllanacaqlar, dürüstləşəcəklər. Rəsulzadəni, Ağaoğlunu, dinimizin, tariximizin, mədəniyyətimizin gerçəkliklərini öyrənəcəklər.

Ancaq mən hər zaman səmimiyyətimi bütün platformalarda qorudum, yazdığım yazılara bəyənmə işarəsi qoymağa qaragüruhun qorxusundan cəsarət edə bilməyən ərdəmsiz ziyalılardan fərqli olaraq cəsarətli jestlər edə bildim. İndi də sizlərin bacarmayacağı bir jest etmək istəyirəm. Bir çox fikirlərinə qatılmasam da, intellektinə hörmətim olan, xalq hərəkatı, Xalq Cəbhəsi hakimiyyəti dövründə ən çox linç edilmiş, maşının bağajına basılmış, qaragüruhçuluğun hər cür əzabını görmüş dəyərli ziyalımız Zərdüşt Əlizadəyə qarşı vaxtilə sərgilədiyim amansız münasibətə görə üzr istəyirəm. Bir də rəhmətlik Mirzə İbrahimovdan, onun ruhundan bütün hərəkatımız adına üzr istəyirəm. Biz onun kimi onlarla ziyalıya xoşumuza gələn fikri söyləmədiyinə görə qapının arxasını göstərdik. Hətta bir dəfə bir çılğın hərəkatçı sevincək yanıma gələrək söylədi ki, böyük bir iş görüb. Necə? Mirzə İbrahimov Akademiyanın qapısından çölə çıxanda bu çılğın hərəkatçı qardaşımız yaxınlaşıb bir neçə kəlmə söz deyib: “Qoca kaftar! Niyə xalqın yanında deyilsən?”. Sonra başından papağını götürüb kolluğa tolazlayıb. O Mirzə İbrahimov ki, həmin hərəkatçının nəzərdə tutduğu xalqın dilini diriltdiyinə görə az qala sovet gilyotinin altına sürüklənəcəkdi.

“Niyə xalqın yanında deyilsən?” Bu son günlərdə eyni ifadəni şəxsimi, yaxınlarımı təhqir edən insanlardan tez-tez eşitdiyimdə Mirzə İbrahimovu xatırladım və bir də ayılıb gördüm ki, Akademiyanın həyətindəki kolluqda onun papağını axtarıram. Və maraqlıdır ki, tapdım. Həm də yalnız o papağı yox. Axundovun da, Mirzə Cəlilin də, Sabirin də, Üzeyir bəyin də papağını o kolluğa tolazlamışdılar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password