Sabiq deputat həbsin bir addımlığında – Kamran Əliyevə müraciət edildi
Keçmiş deputat Rafael Cəbrayılovun borclu olduğu bir qrup şəxs Baş prokuror Kamran Əliyevə müraciət edib.
Bu barədə keçmiş deputatın borclu olduğu Təranə Fətəliyeva məlumat verib. Onun sözlərinə görə, müraciət Ramazan bayramından əvvəl edilib.
“Müraciətdən sonra Baş Prokurorluğun “Qaynar xətti”nə zəng vurub bu barədə məlumat vermişik. Bizə dedilər ki, müraciətinizə bayramdan sonra cavab veriləcək. İndi cavabı gözləyirik”, – deyə Təranə Fətəliyeva bildirib.
Onun sözlərinə görə, bundan başqa, Rafael Cəbrayılovun borclu olduğu Şəfa Məmmədova adlı vətəndaş məhkəməyə müraciət edib.
“Bu ayın 23-də məhkəmə prosesi keçiriləcək. Mən də Rafael Cəbrayılovu məhkəməyə vermişdim. Birinci instansiya xeyrimə qərar çıxardı. Apellaysiya Məhkəməsi də qərarı qüvvədə saxladı. Rafael Cəbrayılov hakimdən ona 2 ay möhlət verilməsini xahiş etmişdi. Hakim də bu xahişi yerinə yetirmişdi.
Rafael Cəbrayılova verilən 2 aylıq möhlət bu ayın 13-də bitir. Əgər borcumu qaytarmasa, Ədliyyə Nazirliyinə müraciət edəcəm ki, məhkəmə qərarının icrasını təmin etsinlər”, – deyə o əlavə edib.
Rafael Cəbrayılovdan Baş prokurora müraciət edənlər Təranə Fətəliyeva da daxil 8 nəfərdir. Deputatın onlara toplam olaraq 1 550 000(1 milyon 550 min) dollar borcu var ki, bu da milli valyuta ilə 2 635 000(2 milyon 635 min) manat eləyir. Keçmiş deputatın borclu olduğu şəxslərin siyahısını təqdim edirik:
Məlahət Qurbanova – 580 000 dollar
Təranə Fətəliyeva – 300 000 dollar
Xatirə Nəcəfova – 200 000 dollar
Yusif Orucov – 200 000 dollar
Aynur Kazımova -100 000 dollar
Şəfa Məmmədova – 80 000 dollar
Bəşir Məmmədov – 60 000 dollar
Allahverdi Səfərəliyev – 30 000 dollar
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.(yenisabah.az)