Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü – Respublika Günü münasibətilə dünyanın bir çox dövlət başçıları,beynəlxalq qurumların rəhbərləri və tanınmış siyasətçiləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktubları gəlməkdə davam edir.

Aktualinfo.org  sözügedən təbrik məktublarını təqdim edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru,“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü – Respublika Günü münasibətilə ən xoş arzularımı və səmimi təbriklərimi qəbul edin. Bu, danılmaz tarixi faktdır ki, Azərbaycan 102 il bundan əvvəl ən yüksək demokratik dəyərləri bəyan etməklə yanaşı, öz praktiki fəaliyyətində onları təmin etmiş ölkələrdən biridir.

Azərbaycan tarixində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti bütün Yaxın Şərqdə, o cümlədən türk-müsəlman dünyasında hüququn aliliyinə əsaslanan dünyəvi demokratik dövlətin ilk modeli idi. Bugünkü Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin layiqli varisidir.

Həm millətlərarası, həm də dinlərarası münaqişələrin alovlandığı bu amansız dünyada Azərbaycan sabitlik, firavanlıq, tolerantlıq və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı adadır.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına Azərbaycanın və cənab Prezident, şəxsən Sizin dünyada presedentləri olmayan diqqətli və səmimi münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətli münasibətinizə görə İsrail cəmiyyətinin böyük hissəsinin haqlı hörmətini qazanmısınız.

Hörmətli cənab Prezident, Sizə və Sizin gözəl ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, məsul dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

X X X

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlyovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Sizin rəhbərliyinizlə gündən-günə inkişaf edir. İnanıram ki, ölkənizin gələcəyi daha gözəl olacaq.

Xalqınızın rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı, ailə səadəti və firavanlıq arzu edirəm.

Yaşasın Azərbaycan Respublikası və Sizin şanlı xalqınız!”.

X X X

İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə İtaliya-Azərbaycan Ticarət Palatası adından Sizə və Birinci vitse-prezident Mehriban xanıma, ailənizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması müasir Azərbaycanın bu günədək davam edən ən ali dəyərlərini və prinsiplərini təşkil edən mühüm tolerantlıq və multikulturalizm nümunəsinin əsasını qoydu.

Biz rəsmi ikitərəfli biznes təşkilatı olaraq Azərbaycanın keçmiş və gələcək nailiyyətlərini təqdir etməkdən qürur duyuruq.

Eyni zamanda, biz Azərbaycan və İtaliya arasındakı dostluq münasibətlərində iştirakımızdan da məmnunuq. Keçən il fevralın 20-21-də Romaya uğurlu dövlət səfərinizin müsbət əks-sədaları hələ də yaddaşlardadır. Daha sonra gözlənilmədən meydana çıxan çətinliklər ölkələrimiz arasındakı əlaqələri daha da gücləndirmək üçün fürsət yaratdı. Azərbaycan xalqı tərəfindən İtaliyadakı vəziyyətlə bağlı narahatlıq və sevginin səmimi, geniş nümayişi bizim üçün çox önəmlidir və yüksək dəyərləndirilir.

Sizin müdrik rəhbərliyinizlə dövlətinizin beynəlxalq ticarətin təşkilinə və asanlaşdırılmasına dəstəyinə və töhfələrinə görə minnətdarıq. İnanıram ki, italyan və azərbaycanlı sahibkarlar arasındakı iqtisadi əlaqələr iki ölkənin mənafeyi naminə inkişaf etməkdə davam edəcək.

Möhtərəm cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Beynəlxalq Elmi-Texniki və İnformasiya Mərkəzinin baş direktoru Yevgeni Uqrinoviçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Beynəlxalq Elmi-Texniki və İnformasiya Mərkəzi (BETİM) hökumətlərarası təşkilatının üzvləri olan 22 dövlətin Səlahiyyətli Nümayəndələri Komitəsi və BETİM-in müdiriyyəti adından Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

Sizin gözəl ölkənizə bundan sonra da firavanlıq, öz ölkəsini beynəlxalq aləmdə parlaq və ləyaqətlə təmsil edən Azərbaycan alimlərinə yeni yüksək nailiyyətlər arzulayırıq”.

X X X

Davamlı Sülh və İnkişaf uğrunda Beynəlxalq Fondun prezidenti Biserka Yevtimiyeviçdən və icraçı direktoru Esma Sirbubalodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Üzvləri dünyanın qırx ölkəsini təmsil edən ziyalıların məşhur nümayəndələri, alimlər və diplomatlar olan, təsisçi ölkələrdən birinin Azərbaycan Respublikası olduğu “Davamlı Sülh və İnkişaf uğrunda Beynəlxalq Fond” (IFSPD) adından milli bayramınız – Respublikası Günü münasibətilə səmimi təbriklərimizi qəbul edin.

102 il bundan əvvəl – 1918-ci il mayın 28-də Şərqdə və bütün müsəlman dünyasında ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. XX əsrin sonunda Azərbaycanın bərpa etdiyi dövlət müstəqilliyi bütün vətəndaşların rifahı naminə ölkənizin demokratik və iqtisadi inkişafı üçün yeni imkanlar yaradıb.

IFSPD-nin rəhbərliyi və bütün üzvləri adından Sizə səmimi qəlbdən uğurlar, sülh, əmin-amanlıq və iqtisadi inkişaf arzu edirik.

Sizə ən yüksək ehtiramımızı qəbul edin”.

X X X

Latviya Seyminin deputatı, Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Romans Naudinsdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupu adından və şəxsən öz adımdan Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkənizin tərəqqisi və rifahı, maraqlarının müdafiəsi naminə ali dövləti fəaliyyətinizdə Sizə tükənməz enerji və müdriklik arzulayır, Azərbaycan xalqına birlik, cansağlığı və sülh diləyirəm”.

X X X

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizi dövlət bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Zati-aliləri, Sizə ən xoş arzularımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycanın hərtərəfli inkişafı və firavanlaşması naminə zəfərlər, başınız üzərində daim aydın səma olmasını diləyirəm”.

XXX

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı İrina Vlaxdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

“Çox hörmətli cənab İlham Əliyev.

İcazə verin, Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından Sizə dərin ehtiramımı bildirim, Sizi və Sizin simanızda Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edim.

Respublika Günü Azərbaycan xalqının tarixində ən mühüm və parlaq günlərdən biridir. Bu, öz Vətəni ilə, zəngin tarixi və özünəməxsus mədəniyyəti ilə fəxr edən hər kəs üçün ümumi bayramdır.

Bu gün Azərbaycan Respublikası sabit inkişaf edən ölkədir. Azərbaycanda əhalinin həyat səviyyəsinin layiqli təminatı, səmərəli, rəqabətqabiliyyətli iqtisadiyyat, sosial, təhsil və mədəniyyət sahələrinin təkmilləşdirilməsinə yönəldilən proqramların icrasına aid məsələlər uğurla həll edilir. Ölkə sakinlərinin əməksevərliyi və həyat nikbinliyi, tarixi keçmişə və milli ənənələrə diqqətlə yanaşması Azərbaycan Respublikasının tərəqqisinin əsasını təşkil edir.

Bu əlamətdar gündə Sizə və Sizin simanızda bütün Azərbaycan əhalisinə tərəqqi, həmrəylik və sülh arzulayıram. Qoy hər evə bolluq və uğur gəlsin, dərd və bəla isə uzaq olsun! Qoy Azərbaycanın hər bir vətəndaşı bütöv nəsillərin parlaq gələcəyini təmin edərək, müstəqil, demokratik cəmiyyətin formalaşmasında öz iştirakını hiss etsin.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə ən böyük ehtiramımı bildirirəm”.

X X X

Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Quledən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

“Cənab Prezident.

Artıq iyirmi ildən çoxdur bir-birimizi tanıyırıq və münasibətlərimizin səviyyəsini hər zaman yüksək qiymətləndirmişəm.

Yaşadığımız bu böhranlı dövrdə müəyyən etdim ki, Bakıda keçirilən humanitar forumlarda səslənən sözlər və çıxışlar kağız üzərində qalmır. Əməllə sözlərin üst-üstə düşdüyünü gördüm.

Sizin qayğınız və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sayəsində departamentimiz minlərlə maska, 210 test və qoruyucu geyimlərdən faydalanmışdır.

Buna görə şəxsən Sizə səmimi qəlbdən və rəğbət hissi ilə təşəkkür etmək istərdim. Tezliklə görüşəcəyimizə, daha səmərəli beynəlxalq əməkdaşlıq və ortaq humanizm maraqları naminə bütün bu mövzuları müzakirə edə biləcəyimizə ümid edirəm.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password