Çingiz Abdullayev: “Gecələr yatmıram”

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevi “Dostluq” ordeni ilə təltif edib.

Çingiz Abdullayev təəssüratlarını bölüşüb:

– Bu mükafatı aldığıma görə sevinirəm. Qeyd olunur ki, Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərə görə təltif olunuram. İki ölkə və xalq arasında dostluğun möhkəmlənməsində mənim də payım varsa, əlbəttə, bu mənim üçün fəxrdir.

Mənim çoxlu orden və medalım var, amma “Dostluq” ordeni ilə təltif olunmağımla həm də ona görə qürur duyuram ki, bu böyük ordeni birinci alanlardan biri bizim I vitse-prezidentimiz Mehriban xanım Əliyeva olub. Bu mənada mənim üçün xüsusi mükafatdır.

– Deyəsən, Azərbaycan yazıçıları arasında bu ordenlə ilk dəfə siz təltif olunursuz…

– Bildiyim qədərilə Çingiz Aytmatov da bu təltifə layiq görülmüşdü. Bizim yazıçılardansa heç kəs bu ordeni almayıb.

– Ordenin təqdimi pandemiyadan sonra olacaq?

– Orden əsasən Kremldə verilir. Koronavirus pandemiyası ilə əlqədar yəqin ordenin təqdim olunması müddəti uzanacaq.

– Yeri gəlmişkən, hazırda Azərbaycanda karantin qaydalarında yumşalmalar var. İşə çıxırsınız? Ümumi mənzərə barədə müşahidələriniz necədir?

– Düzü, mən qorxuram ki, qaydalara əməl edənlərin sayı azala və yoluxma arta… Min şükür Azərbaycanda virus kütləvi yayılmadı. İnfeksiyadan həyatını itirənlərə Allah rəhmət eləsin, onların əzizləri üçün böyük faciədir. 60 milyonluq italyan xalqından 30 min adam vəfat etdi. 10 milyonluq Azərbaycanda yoluxma və ölənlərin sayı azdır, biz bu bəladan az itki ilə ötə bildik.

Amma hələ təhlükə bitməyib, hər gün yoluxma faktı qeydə alınır. Bu səbəbdən ciddi olmalı, məsələyə nizam-intizamla yanaşmalıyıq. Kütləvi yerlərdə yığışmaq olmaz.

– Koronavirus pandemiyasına görə dayandırılan futbol çempionatlarının bərpa olunduğu xəbərləri yayılır. “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri kimi bu qərarı necə qiymətləndirirsiniz?

– Futbol çempionatları tədricən bərpa olunur, bilmirəm, necə olacaq, görünür, azarkeşsiz keçiriləcək. Bilirəm ki, çox adam bir yerə yığışanda yoluxma çoxalır.

– Yazıçılar Birliyi də yəqin karantin rejiminə davam edir…

– Biz Yazıçılar Birliyində xüsusi qərar qəbul etmişik, oktyabrın 1-dək heç bir tədbir keçirilməyəcək. Bizdə qocalar çoxdur, istəmirik qocalar xəstələnsin (gülür).

– Bəzi yaradıcı şəxslər karantin dönəmini özləri üçün fürsət sayır. Siz nələrsə yaza bildiniz?

– Mən yazmalıyam, yazıram da… Yazmasam, 200 kitab və 52 ssenari ərsəyə gəlməzdi. Gecələr yatmıram, oturub kitab yazıram.

– Taclı virus barədə əsər yazmağı planlaşdırırsınız?

– Hələ yazmamışam, amma yazmağı düşünürəm. Çünki bu, möcüzəyə oxşayır, Tanrının bəlasıdır, baxarıq…(teleqraf.com)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password