Dünya mediası İlham Əliyevin təşəbbüsündən yazdı

Dünyanın aparıcı KİV-ləri Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə keçirilmiş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü barədə materiallara geniş yer ayırır.

Aktualinfo.org Azərtac-a istinadən xəbər verir ki, Çinin Sinxua agentliyi Prezident İlham Əliyevin nitqindən sitatlar gətirir, Azərbaycanda pandemiya ilə mübarizə istiqamətində görülən işlər, vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər barədə məlumat verir. Bu sahədə təcrübəsini bölüşməyə hazır olan Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar maliyyə yardımı ayırdığı diqqətə çatdırılır.

Zirvə görüşünü geniş işıqlandıran Malayziyanın BERNAMA agentliyi Prezident İlham Əliyevin açılış nitqində səsləndirdiyi fikir və təklifləri beynəlxalq əməkdaşlığa növbəti çağırış kimi səciyyələndirib. Prezidentin nitqinə istinadla məlumat verilib ki, pandemiya dövründə insanların sağlamlığı və əhalinin sosial müdafiəsi Azərbaycan dövləti üçün prioritet məsələlərdir.

ABŞ-da dərc olunan ispandilli “Eurasia Hoy” qəzeti Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı “Azərbaycan COVID-19-la mübarizədə qlobal miqyasda həmrəylik və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir” sərlövhəli məqalə dərc edib. Məqalədə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində koronavirusa kütləvi yoluxma hallarının qarşısının alındığı, son vaxtlar xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamikanın yarandığı vurğulanır. Qəzet epidemiya şəraitində iqtisadi sabitliyin təmin edilməsi, əhalinin həssas qruplarına yardımlar verilməsi, məşğulluqla bağlı problemlərin həll olunması məqsədilə böyük sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu bildirib.

BMT-nin saytında Zirvə görüşü barədə dərc olunmuş material belə adlanır: “Qoşulmama Hərəkatının üzv ölkələri pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının səylərinə tam dəstək nümayiş etdirdilər”. Zirvə görüşünün əhəmiyyətinin vurğulandığı materialda BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətində səsləndirdiyi aşağıdakı fikirlər yer alır: Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdəikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portalında da Zirvə görüşü haqqında ətraflı məlumat dərc olunub. Sammitdə Azərbaycan Prezidentinin qlobal həmrəyliyin nümunəsi kimi BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə bağlı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi barədə təkliflə çıxış etdiyi diqqətə çatdırılıb.

BTA (Bolqarıstan), Anadolu (Türkiyə), TASS (Rusiya), EFE (İspaniya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), İRNA (İran) agentlikləri, “Eurasiaticanews.altervista” (İtaliya), EU Politics (Avropa İttifaqı) portalları, “Nayrouz” (İordaniya), “Aldiplomacy” (Misir) qəzetləri də Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü barədə geniş xəbərlər yayıb.

KİV-lər qeyd edirlər ki, Azərbaycan liderinin beynəlxalq əməkdaşlığa çağırışları üzv ölkələr, həmçinin BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər təşkilatlar tərəfindən dəstəklənib və təqdir olunub. Pandemiya ilə mübarizədə qlobal həmrəyliyin və əməkdaşlığın əhəmiyyəti vurğulanıb, səyləri bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan uzunmüddətli hazırlığa yönəltməyin vacibliyi bildirilib. Pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının oynadığı rolun danılmaz və əhəmiyyətli olduğu qeyd edilib. Vurğulanıb ki, bu virusa qarşı dünya miqyasında aparılan mübarizə siyasi sərhədlərin, hər hansı bir ideologiyanın, məfkurənin kənara qoyulmasını, birgə işləməyi tələb edir. COVID-19 dünyanın müxtəlif guşələrinin biri-birinə nə dərəcədə bağlı olduğunu göstərdi. Qoşulmama Hərəkatının Zirvə görüşü bu qlobal çağırışa zamanında verilmiş cavabdır.

Materiallarda qeyd olunub ki, Azərbaycanın bu təşəbbüsü qlobal miqyasda koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfədir.

Dünya mediası İlham Əliyevin təşəbbüsündən yazdı 

Dünya mediası İlham Əliyevin təşəbbüsündən yazdı 
Dünya mediası İlham Əliyevin təşəbbüsündən yazdı 
Dünya mediası İlham Əliyevin təşəbbüsündən yazdı 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password