
ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib.
Ağ Ev rəhbəri bunu “Truth Social” sosial şəbələsində yazıb.
Tramp İran problemini həll etmək üçün ABŞ Ordusundan istifadə etmək istəmədiyini, lakin Vaşinqtonun səbrinin tükəndiyini vurğulayıb.
Bundan əlavə, o bildirib ki, İranın ali lideri Əli Xameneyinin yerini bilir, buna baxmayaraq Vaşinqton hələlik onu aradan götürməyi planlaşdırmır.
“Biz İranın ali rəhbərinin harada gizləndiyini bilirik. O, çox asan hədəfdir, lakin orada təhlükəsizlikdədir. Biz onu hələlik öldürməyəcəyik. Mülki şəxslərə və ya ABŞ hərbçilərinə raket atılmasını istəmirik. Bizim səbrimiz tükənir”, – Tramp qeyd edib.
Xarici KİV-lər xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp deyib ki, İranla danışıqlara “çox da həvəsli deyil”. Trampın sözlərinə görə, Tehran İsrailin hücumlarını dayandırmaq üçün nüvə silahı yaratmaq qabiliyyətindən tamamilə imtina etməlidir.
ABŞ Prezidenti İranla danışıqlar aparmaq istəmədiyini əlavə edib: “İranla danışıqlar aparmaq arzusunda deyiləm. Mən onların tam təslim olmasından başqa heç nə gözləmirəm”.
Tramp qeyd edib ki, İsrail İrana hücumlarını ləngitməyəcək: “Yaxın iki gündə öyrənəcəksiniz. Bunu öyrənəcəksiniz. Hələ ki, heç kim sürəti azaltmayıb”.
Tramp vurğulayıb ki, o, Yaxın Şərqdə “atəşkəsdən daha yaxşı variant” axtarır və “münaqişəyə real son qoymağa” çalışır.
O, həm də İranın Fordodakı yeraltı uranı zənginləşdirmə obyektini məhv etmək üçün lazım olan bunker bombalarını İsrailə verməyi düşünür. Onun sözlərinə görə, bombaların tədarükü İsrailin İrana qarşı hərbi əməliyyatında “oyunu dəyişə bilər”, çünki onlar zavodu məhv etməyin yeganə yoludur.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.
İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda bir neçə dəfə hücumlar həyata keçirib və burada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri də daxil olmaqla bir neçə yüksək rütbəli iranlı hərbçi, həmçinin bir sıra nüvə alimləri həlak olub. Ölkədəki bir neçə nüvə obyekti, o cümlədən Natanz və Fordoda, həmçinin İranın ölkənin müxtəlif bölgələrindəki hərbi mövqeləri də vurulub. /azpolitika.info