
Abşeron rayonun Aşağı Güzdək qəsəbəsi, Ş.İ.Xətai küçəsində yaşayan və qeydiyyatda olan, şəhid ailəsi Dadaşova Aida Zakir qızı tərəfindən Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımova, «Access Bank» ASC-nin İdarə Heyətinin sədrinə, «Access Bank» dan götürdüyü kreditin aylıq ödəniş miqdarının azaldılması ilə bağlı müraciət ünvanlanıb.
Bir surəti də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir.
Çox hörmətli cənab Prezident İlham Əliyev, Siz həmişə rəsmi çıxışlarınız zamanı xüsusi qeyd edirsiniz ki, “mən hər bir azərbaycanlının Prezidentiyəm.” Bəli, biz də həmişə bir şəhid ailəsi olaraq Sizə hər seçki zamanı səs verir və güvənirik ki, bizim belə bir müzəffər Ali Baş Komandanımız var. Allah Sizi saxlasın. Ona görə də hazırda ailəmizin indiki vaxtda qəfil olaraq düşdüyü iqtisadi çətinliyi nəzərə alaraq bir ümid yeri kimi yalnız Sizə müraciət etməkdə görürük. Hazırda 3 azyaşlı övladlarımla və ciddi ürək xəstəliyindən əziyyət çəkən həyat yoldaşımla çıxılmaz vəziyyətdə qalmağıma köməklik göstərilməsini əvvəlcədən xahiş edirəm.
Belə ki, mən cari ilin fevralında “Access Bank”ın Bakı şəhəri, Babək prospekti 76-da yerləşən Babək filialından yaşadığımız və malik olduğumuz bircə mülkümüz olan evimizi girov qoyub 36 ay müddətinə ödəmək şərtilə 47000 manat kredit götürdük ki, ticarətlə həmişəki kimi məşğul olub ailəmizi dolandıraq. Aldığım kreditə satış üçün nəzərdə tutulan malların bir hissəsini icarəyə götürdüyüm mağazada, bir hissəsini realizə etməklə, digər hissəsini isə nisyə verməklə kiçik sahibkarlıq fəaliyyətimizi davam etdirmək istədik. Əvvəl işlərimiz pis getmirdi. Nəzərdə tutlan aylıq 1803 manat pulu banka ödəniş edə bilirdik. Lakin çox təəssüflər olsun ki, aldığımız malların çoxu əlimizdə qaldı. Mart-may aylarının kredit ödənişlərini vaxtında ödəyə bildiksə hazırda iyun ayı üçün kredit ödənişini nəzərdə tutulan qaydada həyata keçirə bilmirik. Yaranan vəziyyətlə bağlı banka müraciət etdik. Bankın işçisi cənab Şərifov Taleh Kamal oğlu gəlib dövriyyəmizə -alınan və qalan mallara evimizə gəlib baxış keçirdi və 15000 manatlıq malın həqiqətən anbarda olduğunu aşkar etdi. Qalan malların realizədə və nisyədə olmasına görə banka ödənilməli pulları vaxtında yığmaqda çətinlik çəkirik. Mağazamızda da bizə məlum olmayan səbəblərdən satış tam dayanmışdır. Biz yaranmış böhranla bağlı bankın Xətai filialının rəhbərliyinin qəbulunda olub vəziyyəti izah etdik və xahiş etdik ki, faizi qalmaqla aylıq banka ödənişin məbləğinin nisbətən azaldılması üçün bizə köməklik göstərsin ki, vəziyyətdən çıxa bilək. Yəni, 36 aylıq kreditin bağlanması üçün nəzərdə tutulan aylıq 1803 manatı əvəzinə müvəqqəti olaraq hər ay 500 manat ödəməyimizə icazə verilsin. Biz faizə görə ziyana düşsək də hələlik bu qədər ödəmək imkanımız var. Lakin Bankın filal rəhbəri olan Elnur müəllim bizə qarşı kobudluq etdi. Dedi ki, biz bilmirik siz şəhid ailəsisiniz-nəsiniz. Götürdüyünüz kredit pulunu yaşadığınız evi satıb qəpiyinəcən ödəməlisiniz. O çox kobud rəftarından qışqırmasından sonra qolumdan tutub bankın qapısından itələyib bayıra qovdu. Baxmayaraq ki, bu filial rəhbəri məni və ailəmi şox yaxşı tanıdığı halda belə kobudluğa yol verməsi başa düşülən deyil. Və tələb edir ki, yaşadığınız evinizi satıb bankın kreditini ödəməlisiniz. Bank rəhbərliyinin belə kobud davranışına görə 2 ədəd şikayət ərizəm də var. Eləcə də bu barədə bankın 151 qaynar xətinə də zəng vurub iradımı bildirmişəm. Bir daha xatırlatmaq istəyirəm ki, kiçik sahibkar kimi bu günədək banklardan çox kredit götürmüşəm və hamısını da vaxtında qaytarmışam. İndi isə ölkədə yaranmış iqtisadi fors major vəziyyətlə bağlı əhalinin alıcılıq qabiliyyəti çox aşağı düşdüyünə görə krediti də tam olaraq ödəyə bilmirəm.
Cənab Prezident Siz həmişə şəhid və qazi ailələrinin işinə həssasslıqla yanaşmış və məmurlardan lazımi köməklik göstərilməsini tələb etmisiniz. Ona görə çox xahiş edirəm ki, Mərkəzi Bank sədrinə göstəriş verəsiniz ki, “Access Bank” rəhbərliyi hazırkı iqtisadi vəziyyətimi nəzərə alaraq aylıq kredit ödənişinin azaldılmasına şərait yaratsın.
Aktualinfo.org