
Liderlər və xarici işlər nazirləri gün ərzində bir-birləri ilə intensiv şəkildə telefonla danışır, İsrail-İran müharibəsini müzakirə edirlər. Əksəriyyət müharibənin dayandırılması və məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Şahinoğlu bildirib ki, bu yaxşı niyyətdir, ancaq danışıqlar mərhələsi geridə qalıb, müzakirələrdə nəticə olsaydı, müharibə başlamazdı:
“Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı, danışıqların, çoxsaylı müzakirələrin heç bir nəticəsi olmadı. Düyməyə basanlar nəticə əldə etməyənə qədər İrana zərbələri dayandırmayacaqlar. Qərb dövlətləri Rusiyanı Ukraynaya qarşı işğalçı müharibəni dayandırmağa vadar edə bilmədilər. İndi də Rusiya eyni vəziyyətdədir. Rusiya strateji tərəfdaşı olan İrana qarşı müharibənin dayandırılmasına çalışsa da, Vaşinqton və Təl-Əviv Kremlin çağırışlarını qulaqardına vuracaqlar”.
Politoloq qeyd edib ki, Azərbaycanda İsrail-İran müharibəsiylə bağlı müxtəlif, bir-birinə zidd fikirlər və arqumentlər səslənir:
“Bu normaldır, hamı eyni cür düşünə bilməz. İsrail-İran müharibəsinin nə ilə nəticələnəcəyini, qonşumuzdakı yanğının necə söndürüləcəyini proqnozlaşdırmaq çətindir, ortada üst-üstə düşən və kəsişən maraqlar var. Orası aydındır ki, bölgəmiz müharibədən əvvəlki durumdan fərqlənəcək”.