
Azərbaycanın müasir tarixində elə günlər var ki, həmin məqamlar xalqın taleyində dönüş nöqtəsi olmuş, dövlətçilik yolunda yeni mərhələnin başlanğıcını qoymuşdur. Belə əlamətdar günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix təkcə siyasi təqvimdə bir qeyd deyil, həm də milli yaddaşda xilaskar liderin – Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdaraq Azərbaycanı dağılmaq və parçalanmaq təhlükəsindən xilas etdiyi gün kimi həkk olunmuşdur.
1990-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, siyasi böhran, separatizm meyilləri və dövlətçiliyin təməlini sarsıdan təhlükələr qarşısında Azərbaycan bir uçurumun astanasına gəlmişdi. Məhz belə taleyüklü anda xalqın istəyi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşuna və sabit gələcəyinə aparan yolun başlanğıcını qoydu.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.
Vətənin belə ağır günündə Azərbaycan xalqının təkidli dəvəti ilə Ulu Öndər Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçildi. Bu, ölkə tarixində yeni bir mərhələnin, əslində isə Azərbaycanın siyasi və milli qurtuluşunun başlanğıcı oldu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə əvvəlcə siyasi sabitlik yaradıldı, dövlət aparatında nizam-intizam bərpa olundu. Qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycanın parçalanmaq təhlükəsi dəf edildi. Onun uzaqgörən siyasəti nəticəsində Konstitusiya hazırlandı və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edildi. Hüquqi baza formalaşdı, qanunvericilik və məhkəmə sistemləri quruldu, ordu gücləndirildi. Eyni zamanda Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin iqtisadi inkişafının əsası oldu. “Əsrin müqaviləsi” adlanan beynəlxalq neft sazişi 1994-cü ildə imzalandı və Azərbaycan iqtisadiyyatına milyardlarla xarici sərmayənin cəlb olunmasına zəmin yaratdı. Bu, yalnız iqtisadi inkişafı deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin etdi və ölkədə yeni eranın başlanğıcı qoyuldu.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Ulu öndər bütün maneələrə baxmayaraq ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümummilli lider dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edərək, Vətənimizi dünyada söz və nüfuz sahibi, dinamik inkişaf edən ölkəyə çevirdi.
Ümummilli liderimizin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiyanın potensialından daha səmərəli istifadə olunması yolları və onun gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Sahənin əhəmiyyətini yaxşı bilən Heydər Əliyevin göstərişləri əsasında respublikaya gələn xarici investisiyaların müəyyən hissəsi meliorasiya və su təsərrüfatının inkişafına yönəldildi.
MDB ölkələri arasında ilk dəfə Azərbaycanda 1996-cı ildə “Meliorasiya və irriqasiya haqqında” Qanun qəbul edildi. Bundan iki il sonra “Azərbaycan Respublikasının Su Məcəlləsi”, daha sonra isə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanun qüvvəyə mindi. Həmin qanunlar əsasında müvafiq normativ-hüquqi sənədlər hazırlanıb təsdiq edildi. Şəxsən cənab Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan Respublikasının Su Məcəlləsi” ölkəmizdə su münasibətlərinin tənzimlənməsi yolunda uğurlu bir addım olmuşdur.
Meliorasiya və irriqasiya sahəsində islahatların aparılması, onun gələcək inkişafının təmin olunması üçün ümdə əhəmiyyətə malik həmin qanunlar və onların əsasında qəbul edilmiş 30-a yaxın normativ-hüquqi sənəd meliorasiya və su təsərrüfatında işlərin istiqamətlərini, prinsiplərini, habelə belə obyektlərdə mülkiyyət formalarını müəyyənləşdirdi. Ulu öndərin idarəetmə işinin təkmilləşdirilməsi ilə bağlı göstəriş və tövsiyələrini rəhbər tutaraq, meliorasiya və su təsərrüfatında idarəetmə orqanlarının strukturu və fəaliyyət istiqamətləri yeni şəraitə uyğunlaşdırıldı.
Böyük fəxr hissi ilə qeyd edilməlidir ki, ulu öndərimiz, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezitentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.
Heydər Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi , polad iradəsi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq.
Qəlbimizdə yüksək qürur hissi yaradan şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Xalqımızın tələb və dəstəyi ilə 2003-cü ildən respublikamıza rəhbərlik edən Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli və proqmatik siyasəti sayəsində bütün sahələrdə yüksək inkişaf mərhələsinə qədəm qoyuldu. İqtisadi, hərbi və siyasi sahədəki misilsiz uğurlarımız artıq birmənalı şəkildə dünya dövlətləri tərəfindən də qəbul edilir.
İndi bizi tarixi səlnaməmizə qızıl hərflərlə yazılan 1993-cü ilin 15 iyunundan 32 illik zaman məsafəsi ayırır. Ötən illər ərzində Azərbaycan dünya miqyasında öz layiqli yerini tutmuş, böyük iqtisadi potensiala malik bir ölkəyə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.
Saleh Sadıqov,
Əməkdar mühəndis