
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbə endirib. Baş Qərargah rəisi, SEPAH-ın baş komandanı və nüvə alimləri ölüblər. İranın Ali Lideri ayətullah Əli Xamenei İsrailin zərbələrinin cavabsız qalmayacağını bildirib.
Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu açıqlamasında bildirib ki, İsrailin “Am Kelavi” adlandırılan genişmiqyaslı hərbi əməliyyatla İranın nüvə obyektlərinə birbaşa zərbələr endirməsi Yaxın Şərqdə və qlobal miqyasda çox kritik bir eskalasiyadır:
“Bu hücum İsrailin preventiv müdaxilə strategiyasının bariz nümunəsidir və İranın nüvə silahı əldə etməsinə qarşı cavab reaksiyasıdır. İsrail üçün İranın nüvə silahına sahib olması bir təhdid kimi qəbul edilir. Bu səbəblə İsrail uzun illərdir ki, İranın nüvə proqramına qarşı diplomatik, kəşfiyyat və zaman-zaman kiber və fiziki hücumlarla qarşı çıxır”.
“Lakin bu miqyasda hücum İranla birbaşa müharibə riskini dramatik şəkildə artırır. Eyni zamanda, İranın müttəfiqləri – “Hizbullah”, HƏMAS, Yəməndəki husilər kimi qruplar vasitəsilə dolaylı cavab ehtimalını yüksəldir”, – deyə ekspert vurğulayıb.
Müsahibimiz əlavə edib ki, hücum həm də ABŞ-İran münasibətlərini bir daha gərginləşdirir:
“Trampın çağırdığı təcili Təhlükəsizlik Şurası toplantısı isə eskalasiyanın böyüyəcəyi halda regionda baş verəcək proseslərlə əlaqədar ola bilər”.