
Son aylar dünya buğda bazarında baş verən dəyişikliklər Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın ərzaq təhlükəsizliyi və idxal strategiyasına birbaşa təsir göstərməkdədir. Rusiya uzun illər ərzində Azərbaycanın əsas buğda tədarükçüsü kimi çıxış etsə də, 2025-ci ilin əvvəlindən etibarən bu mövqeyini tədricən itirməyə başlayıb. Rusiya buğda ixracında görünməmiş azalma müşahidə olunduğu bir vaxtda, Qazaxıstan subsidiyalar vasitəsilə Azərbaycan bazarındakı payını sürətlə artırır. Bu tendensiya həm regiondakı buğda tədarük zəncirini, həm də daxili qiymət sabitliyini yenidən formalaşdırır. Mövcud vəziyyətə nəzər salaraq, bu dəyişikliklərin səbəbləri və nəticələri üzərində dayanmaq zəruridir.
Bu ilin iyun ayında Rusiyadan xaricə buğda ixracının təxminən 1,1 milyon tona qədər azalacağı gözlənilir. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 4,6 milyon ton təşkil edib. May ayının nəticələri də müsbət olmayıb: 2025-ci ilin mayında ixrac cəmi 2,16 milyon ton olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.
Analitiklər buğda ixracındakı əhəmiyyətli azalmaya iki əsas amillə izah verirlər. Birinci səbəb ixrac kvotasının azaldılması ilə bağlıdır. Belə ki, 2024-cü ildə ixrac üçün ayrılan kvota 29 milyon ton olduğu halda, 2025-ci ildə bu göstərici 10,6 milyon tona endirilib. Nəticədə ixrac imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb.
İkinci səbəb isə dünya bazarlarında qiymətlərin aşağı səviyyədə qalmasıdır. Buğda da daxil olmaqla, qlobal taxıl qiymətləri aşağıdır və bu da Rusiya fermerlərinin və ixracatçılarının satış marağını azaldır. İyunda Rusiyanın buğda tədarükü üzrə orta ixrac qiyməti 1 ton üçün cəmi 227 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki gözləntiləri doğrultmur.
Mövsümi ümumi nəticələr də mənfi tendensiyanı təsdiqləyir: cari mövsümün əvvəlindən bu ilin may ayına qədər Rusiya təxminən 41 milyon ton buğda ixrac edib. Halbuki ötən mövsümdə bu rəqəm 51 milyon ton idi.
Ümumilikdə analitiklər hesab edirlər ki, cari mövsümün buğda ixrac kampaniyası minimal göstəricilərlə yekunlaşa bilər. İyun ayı üzrə ilkin proqnozlar onsuz da aşağı idi, lakin bəzi analitik qurumlar bu rəqəmləri daha da azaldırlar.
Hazırda aqrar sektorun nümayəndələri və ixracatçılar əsas ümidlərini növbəti mövsümə bağlayıblar. Əgər hava şəraiti əlverişli olsa və məhsuldarlıq yüksək olarsa, ixrac həcminin də artacağına real imkanlar mövcuddur.
Azərbaycanın illik buğda tələbatı təxminən 2,8 milyon ton təşkil edir. Bunun təxminən 1,1 milyon tonu idxal hesabına ödənilir. Rusiya bu sahədə illərlə əsas tədarükçü olub. Son beş ilin statistikası bunu açıq göstərir: 2020-ci ildə 1,37 milyon ton buğdanın 98,9 %-i, 2021-ci ildə 1,15 milyon tonun 95,3 %-i, 2022-ci ildə 1,29 milyon tonun 78,2 %-i, 2023-cü ildə 1,17 milyon tonun 87 %-i, 2024-cü ildə 1,29 milyon tonun 90,2 %-i Rusiyadan tədarük edilib.
Lakin 2025-ci ilin ilk rübündə vəziyyət dəyişib. Yanvar–mart aylarında Azərbaycana ümumilikdə 287 995 ton buğda idxal olunub. Bunun 231 423 tonu Qazaxıstandan (48,44 milyon ABŞ dolları dəyərində), 56 563 tonu Rusiyadan (13,8 milyon ABŞ dolları dəyərində) tədarük olunub.
Bu, ötən ilin ilk rübü ilə müqayisədə Rusiyadan buğda idxalının 3,7 dəfə azalması deməkdir. Əvəzində Qazaxıstandan idxal həcmi ötən ilin bütün ili ərzindəki tədarükü 85 % üstələyib.
Qazaxıstan subsidiyaları və Azərbaycanın yeni tədarük xətti
Qazaxıstan buğdasının Azərbaycan bazarına fəal şəkildə daxil olmasının əsas səbəbi bu ilin yanvarından qüvvəyə minən yeni dövlət dəstəyidir. Belə ki, buğda ixracatçılarına daşınma məsafəsinə görə hər ton üçün 20-30 min tenge arasında subsidiya verilir. Bu subsidiyalar sayəsində Qazaxıstan buğdası daha uzaq bazarlarda belə rəqabət qabiliyyətli hala gəlib.
Buğdanın daşınma xərclərinin subsidiyalaşdırılması çərçivəsində Qazaxıstan buğdasının ixrac edildiyi əsas ölkə Azərbaycan olub. Bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, iyunun 10-na Qazaxıstanın ümumi 740,7 min ton buğda ixracının 329,3 min tonu Azərbaycana yönəlib. Bu daşımalar üçün ixracatçılara artıq 1,1 milyard tenge (təxminən 2,15 milyon ABŞ dolları və ya 3,66 milyon manat) dəyərində kompensasiya ödənilib.
Qazaxıstanın ixrac göstəriciləri də müvafiq artımı təsdiqləyir: cari marketinq ilinin səkkiz ayında bu ölkə 5,4 milyon ton buğda ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 % çoxdur və artıq bütöv 2023/24 mövsümünün nəticəsini geridə qoyub.
Qiymətlər və daxili bazara təsir
Maraqlıdır ki, idxal mənbələrinin dəyişməsi qiymətlərə də təsir göstərməyə başlayıb. 2025-ci ilin ilk rübündə Qazaxıstandan alınan buğdanın orta idxal qiyməti 209 ABŞ dolları/ton, Rusiyadan alınan buğdanın orta idxal qiyməti isə 244 ABŞ dolları/ton təşkil edib.
Hazırda bu dəyişikliklər ölkə daxilində unun topdansatış qiymətlərinə ciddi təsir etməyib. Məsələn, mayın 26-na olan vəziyyətə görə, Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 26,6–28,2 manat arasında dəyişir. Müqayisə üçün, bu ilin yanvar ayında bu göstərici 26-28 manat idi.