
Son günlər Yaxın Şərqdə təhlükəsizlik balansı ciddi şəkildə pozulmaq üzrədir. “Reuters” agentliyinin məlumatına görə, İsrailin İrana qarşı genişmiqyaslı hücuma hazırlaşdığı, ABŞ-nin isə bölgədən diplomat və hərbçi ailələrini təxliyə etməyə başladığı bildirilir. Bu proseslər bölgədə böyük bir müharibənin başlama ehtimalını gündəmə gətirir.
Belə ki;
-ABŞ-nin Bağdaddakı səfirliyində çalışan diplomatların təcili şəkildə çıxarılmasına start verilib.
-Küveytdəki ABŞ personalı da təxliyə planına daxil edilib.
-Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri “yüksək hazırlıq” rejiminə keçirilib. Hərbçilərin ailələri bölgəni tərk etmək üçün icazə alıb.
Bu tədbirlər yalnız təhlükəsizlik riskləri ilə deyil, həm də konkret bir hərbi əməliyyatın başlanmasına az qaldığına işarədir.
Soyqrımçı İsrail rejiminin təhlükəsizlik dairələri İranın nüvə proqramının “geri dönməz mərhələyə” keçdiyini iddia edərək, hərbi müdaxilə alternativini ciddi şəkildə müzakirə edir. İranın uranın zənginləşdirilməsi üzrə son addımları və İAEA ilə əməkdaşlığın azalması, İsrail üçün strateji təhlükə kimi qiymətləndirilir.
İran tərəfi İsrailin istənilən hücumuna “yandırıcı cavab” veriləcəyini bildirir. Xüsusilə, “Qüds Gücü” və HƏMAS-a yaxın qrupların Livan, Suriya və İraqdakı mövqeləri artıq aktivləşib. Bu isə qarşıdurmanın yalnız iki ölkə arasında deyil, geniş regional miqyasda aparılacağını göstərir.
Əsas katalizatorlardan biri ABŞ və İran arasında nüvə proqramı üzrə aparılan dolayı danışıqların tam dayanmasıdır. Vaşinqton Tehranı diplomatik “dialoq pəncərəsini” bağlamaqda ittiham edir. Bu isə sanksiyaların daha da sərtləşməsi və qarşılıqlı təzyiq addımlarının artması deməkdir.
Bundan başqa:
-Körfəz ölkələri (xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanı) artıq təhlükəsizlik tədbirlərini gücləndirir.
-Qlobal enerji bazarında gərginlik: Hörmüz boğazının bağlanması halında neft qiymətləri sürətlə qalxa bilər.
-Rusiya və Çin kimi oyunçular da vəziyyəti diqqətlə izləyir, bəzi hallarda dolayısı dəstək və xəbərdarlıq siqnalları verir.
Beləliklə, İsrail və İran arasında birbaşa toqquşma ehtimalı son illərin ən yüksək səviyyəsinə çatıb. ABŞ-nin təxliyə addımları Yaxın Şərqdə müharibənin artıq planlaşdırılmış bir mərhələyə keçdiyinə işarə edə bilər. Gözlər indi Təl-Əviv, Tehran və Vaşinqtonun addımlarına dikilib.