
Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əlaqələri davamlı şəkildə inkişaf edir, lakin öz potensialını hələ də tam reallaşdırmayıb.
Bunu Daşkənd bələdiyyə başçısının müavini Şərof Raxmanov IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycan – Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru” panel sessiyasında çıxışı zamanı deyib.
“Konkret rəqəmlərdən danışsaq, qeyd etmək yerinə düşər ki, bu gün Daşkənddə Azərbaycan kapitalının iştirakı ilə 200-ə yaxın müəssisə fəaliyyət göstərir. Bakıda təxminən bir o qədər Özbəkistan şirkəti qeydiyyatdan keçib”, – deyə o bildirib.
O, iki ölkə arasında aktiv turist mübadiləsinə də diqqət çəkib.
“Hər il Azərbaycandan 10 minə yaxın turist Daşkəndə səfər edir. Eyni zamanda, bir çox həmvətənlərimiz də Azərbaycana maraqla səfər edirlər”, – deyə o qeyd edib.
Çıxışın əsas məqamlarından biri də iki irimiqyaslı layihənin – Bakıda Özbəkistanın və Daşkənddə Azərbaycanın milli mərkəzlərinin tikintisinin başlanmasının elan edilməsi olub.
“Bu mühüm təşəbbüslərin həyata keçirilməsinə hər iki tərəfdən sahibkarlar cəlb olunacaq. Mərkəzlər ölkələrimizin simvoluna çevriləcək və park əraziləri, ticarət-əyləncə mərkəzləri və yaşayış sahələrini əhatə edəcək”, – deyə o bildirib.