
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi Masallı, Sabirabad və Şəki Peşə Hazırlığı Mərkəzlərinin maddi texniki-bazasının və təlim-tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhət xidmətlərinin satın alınması üzrə 07.02.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “BİS CO” MMC seçilib və tərəflər arasında 1.172.589,6 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.06.2025-ci ildə dərc edilib.
Bu məlumata baxdıqda ilk yaranan sual belədir. “BİS CO” MMC özü necə, fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdıra bilibmi?
Qeyd edək ki, bu Dövlət Məşğulluq Agentliyinin “BİS CO” MMC ilə bağladığı ilk satınalma müqaviləsi deyil. Belə ki, 23.10.2019-cu ildən 05.06.2025-ci ilə qədər Dövlət Məşğulluq Agentliyi “BİS CO” MMC ilə özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi xidməti, yeni peşə və kvalifikasiya standartlarının hazırlanması xidmət, BACAR platformasının peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işləri, insan resursları üzrə strategiya sənədinin hazırlanması xidməti üzrə ümumi dəyəri 6 423 033 manat olan 9 satınalma müqaviləsi bağlayıb.
Maraqlı orasıdır ki, “BİS CO” MMC son illər ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların keçirdiyi açıq tenderlərin qalıbi olub. Bunu satınalmaların portalına yerləşdirilmiş məlumlar da təsdiq edir. Bu isə “BİS CO” MMC -nin udduğu tenderləri heç də azad rəqabət yolu ilə deyil, Sosial Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirdiyini sübut edir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BİS CO” (VÖEN: 1001721661) Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.09.2009-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, RƏŞİD BEHBUDOV , ev.1A, m.13, qanuni təmsilçisi kimi isə Hüseynov Heydər Yusif oğlu qeyd olunub. Şirkətin təsisçisi və ilk qanuni təmsilçisi Hüseynli Fariz Heydər oğlu olub. Reyestr məlumatlarına 2019-cu ildə edilən dəyişiklikdən sonra Fariz Hüseynlini atası Heydər Hüseynov əvəz edib.
Qeyd edək ki, “BİS CO” MMC haqqında olan rəsmi məlumatlar bu qədərdir. Elektron medianın yaydığına görə “Bis Co” MMC-nin əslində əmək və əhalinin sosila müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin nəzarətində olduğu bildirilir. Həmin materialda Fariz Hüseynli nazir müavinin yaxın qohumu kimi təqdim edilib.
Burada xüsusilə diqqət yetirməli bir məqam da var. yuxarıda göstərilən məlumatlardan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi “BİS CO” MMC bağladığı müqavilələrdə özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi xidmətinin , yeni peşə və kvalifikasiya standartlarının hazırlanması xidmətnin, BACAR platformasının peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işlərinin satın alınmasını açıqlayıb.
Amma elektron mediada və açıq internet resusrsları üzərindən apardığımız araşdırmada “BİS CO” MMC tərəfindən özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi barədə heç bir məlumat tapa bilmədik.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalına 18 mart 2019-cu ildə yerləşdirilmiş məlumatda sözügedən nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesi başa çatdığı bildirilir.
Qeyd edilir ki, Bakıda növbəti təlim kursları keçirilib və paytaxtın rayonları üzrə 11 nəfər kursu uğurla başa çatdırıb. Bundan əvvəl isə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında təlimlər keçirilməklə 66 təlimçi hazırlanmışdı. Beləliklə, cari ildə özünüməşğulluq proqramı üzrə təlim kursları 77 təlimçi tərəfindən tədris ediləcək.
Məlumatdan da göründüyü kimi, Dövlət Məşğulluq Xidməti təlimçilərin hazırlanması prosesinin başa çatdığını, özünüməşğulluq proqramı üzrə təlim kursları 77 təlimçi tərəfindən tədris ediləcəyini açıqlayıb.
Belə olan təqdirdə, Dövlət Məşğulluq Agentliyi müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərə niyə özlərinin hazırladığı təlimçiləri deyil, “BİS CO” MMC-ni cəlb edir. Üstəlik bu xidmətin göstərilməsi üçün MMC-yə milyonlarla manat dövlət vəsaiti xərcləyir.
Yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalına 24 yanvar 2025-ci ildə yerləşdirilmiş məlumatda qeyd edilir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən bu proqrama ( özünüməşğulluq) cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 15 dəfəyə yaxın artaraq 17,3 mini ötüb. Ötən dövrdə özünüməşğulluq proqramına 96 mindən çox işsiz və işaxtaran şəxs cəlb olunub. Proqram iştirakçıları üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.
Qeyd edək ki, nazirliyin portalına 27 yanvar 2025-ci ildə yerləşdirilmiş başqa bir məlumatda qeyd edilir ki, Dövlət Məşğulluq Agentliyi və “Məşğulluğa Dəstək Layihəsi”nin nümayəndələri Türkiyənin Peşə Kvalifikasiya Təşkilatında (Mesleki Yeterlilik Kurumu – MYK) təcrübə səfərində olub. Qeyd edək ki, “Məşğulluğa Dəstək Layihəsi” Dövlət Məşğulluq Agentliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu layihə özünüməşğulluq proqramının genişləndirilməsində dəstək məqsədi güdür. “Məşğulluğa Dəstək Layihəsi”nin nümayəndələri əsasən Dövlət Məşğulluq Agentliyindən və Dünya Bankından ibarətdir. Layihənin nümayəndələri aşağıdakı funksiyaları yerinə yetirirlər: Layihənin təməl məqsədlərinin təyin edilməsi, Layihənin icrası üçün maliyyə və texniki dəstəyin təmin edilməsi, Özünüməşğulluq proqramlarının təşviq edilməsi, İştirakçıların təlimləndirilməsi və dəstəklənməsi, Layihənin uğurlu icrasının təmin edilməsi.
Bütün bu məlumatlardan da göründüyü kimi, Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçiləri özü hazırlayır. Belə olan təqdirdə, barəsində heç bir məlumat olmayan, hətta sosial şəbəkələrdə adi bir veb səhifəsi olmayan “BİS CO” MMC-yə hər il milyonlarla manat dövlət vəsaiti nə üçün ayrılır. Təlim-tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhət xidmətləri göstərən bu MMC-nin görəsən təlim keçməyə hansısa bir beynəlxalq sertifikatı varmı?
Göründüyü kimi, Dövlət Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir. Ümid edək ki, Dövlət Agentliyi təlim keçirilməsi məqsədi ilə milyonlarla manat dövlət vəsaiti ayırdığı bu MMC-nin fəaliyyətinə aydınlıq gətirəcək.
Aktualinfo.org