
Bu, ilk dəfə deyil ki, Azərbaycanın ünvanına bu cür ittihamlar səslənir. Artıq növbəti dəfə oxşar çıxışlarla qarşılaşırıq. Bu kimi bəyanatlar faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş mesajlardır. Bu qəbuledilməzdir. Çünki daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da İrəvanda buna bənzər fikirlər səsləndirmişdi. Həmin çıxışlarda da dolayı yolla Azərbaycan torpaqlarının işğalını əsaslandırmağa yönəlik mesajlar vardı. İndi isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinskinin bənzər açıqlamaları xoş təəssürat yaratmır.
Bu fikirləri politoloq Turab Rzayev Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı müqayisəsini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Rusiya özü Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu səbəbdən son açıqlamalar anlaşılan deyil:
“Rusiya dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycan torpağıdır. Bu fikirləri biz Prezident Putinin, digər yüksək vəzifəli şəxslərin dilindən dəfələrlə eşitmişik. İndi isə illər sonra əvvəlki ritorikaya qayıdaraq Qarabağı “mübahisəli ərazi” kimi təqdim etmək heç bir məntiqə sığmır. Bu cür açıqlamalar yalnız iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan belə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib. Belə olan halda Rusiyanın bu cür açıqlamalar verməsi nə qədər məqsədəuyğundur? İndiki məqamda bu gərginlik Rusiyanın öz maraqlarına da uyğun deyil”.
Turab Rzayev əlavə edib ki, Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın Qarabağla bağlı Ukrayna məsələsinə paralellər aparması da doğru yanaşma deyil:
“Qəribə haldır ki, Rusiya kimi böyük və təcrübəli bir ölkənin rəsmi nümayəndəsi bu cür açıqlama verir. Rusiya Minsk qrupunun həmsədrlərindən biri kimi Qarabağ münaqişəsinin bütün detalları ilə tanış olmalı idi. O, Qarabağ və Ukrayna məsələləri arasındakı fərqləri və oxşarlıqları bilməlidir. Amma burada çox ciddi fərqlər olduğunu diqqətə çatırmaq laızmdır. Rusiya Ukraynada müharibə aparır, işğal siyasəti yürüdür. Azərbaycan isə tam əksinə, işğal altında olan ərazilərini azad edib. Bu iki hal arasında paralel aparmaq mümkün deyil. Azərbaycan torpaqları işğal olunub, əhalisi məcburi köçkün vəziyyətinə düşüb, şəhər və kəndləri dağıdılıb. Azərbaycan həmin əraziləri azad edərək öz vətəndaşlarının geri dönməsini təmin edir. Ukraynada isə Rusiyanın işğal etdiyi ərazilərdən əhali qaçmağa məcbur olur. Belə fərqli situasiyalar arasında paralel aparmaq heç bir məntiqə sığmır və obyektiv yanaşma sayıla bilməz”.