
Gürcüstanın Poti şəhərində yeni multimodal kompleksin konteyner terminalının açılış mərasimi olub. Tədbirdə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Quram Quramişvili iştirak edib.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi xəbər verir ki, mərasimdə çıxış edən Quram Quramişvili yeni terminalın Orta Dəhlizin keçdiyi ölkələr arasında uğurlu əməkdaşlığın parlaq nümunəsinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, layihə tərəfdaşların birgə səyləri və sərmayələri, eləcə də bütün mərhələlərdə – tikintidən istifadəyə verilməsinə qədər səmərəli qarşılıqlı fəaliyyət sayəsində həyata keçirilib.
“Multimodal terminalın açılışı həqiqətən də sevindirici hadisədir, çünki uzun illərdir ki, regionda bu qədər sərmayə qoyuluşu və bu qədər yüksək texnologiya səviyyəsi olan layihələr həyata keçirilməyib. Orta Dəhliz üzrə daşımaların strukturu ilə tanış olan nəqliyyat mütəxəssisləri terminalın blok daşıma üçün tam uyğunlaşdırıldığını görəcəklər. Bizim üçün son dərəcə vacib olan marşrutun rəqabət qabiliyyətini artıracaq yüksək xidmət keyfiyyətidir. Bizim üçün son dərəcə vacib olan marşrutun rəqabət qabiliyyətini artıracaq yüksək xidmət keyfiyyətidir”, – deyə nazir müavini qeyd edib.
Açılış mərasimində Qazaxıstanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Malik Murzalin, Qazaxıstan Nəqliyyat Nazirliyinin nümayəndəsi Kasım Tlepov, həmçinin Çin və Azərbaycan nümayəndə heyətləri də iştirak ediblər.
Layihə Qazaxıstan və Gürcüstan arasında tərəfdaşlıq çərçivəsində yaradılmış “PotiTransTerminal” SC tərəfindən həyata keçirilib. Tikintiyə ümumi investisiya 31,5 milyon ABŞ dolları təşkil edib.
Terminal Poti limanının yaxınlığında yerləşir və 9 hektardan çox ərazini tutur. İstismarın ilk mərhələsində o, ildə 80 mindən çox konteyneri idarə edə biləcək. Əməliyyat şirkətinin məlumatına görə, terminal eyni vaxtda 120 vaqona xidmət göstərə biləcək, işçilərin sayı isə 100 nəfəri keçəcək.
Kompleks həm beynəlxalq, həm də ölkədaxili yükdaşımalarına xidmət göstərmək, həmçinin regional tranzit çərçivəsində Gürcüstan, Azərbaycan və Ermənistana gedən yüklərin emalı üçün nəzərdə tutulub.