
Böyük Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, Rusiya Ukraynanın pilotsuz uçuş aparatlarına (PUA) qarşı Çin istehsalı olan yüksək texnologiyalı “Silent Hunter” lazer sistemindən istifadə etməyə başlayıb. Bu sistem 2022-ci ildən etibarən Rusiyanın Çindən əldə etdiyi ən müasir silahlardan biri hesab olunur və artıq döyüş meydanında tətbiq olunur.
“Silent Hunter” sistemi Çin ordusu tərəfindən hazırlanıb və ilk dəfə 2017-ci ildə beynəlxalq silah sərgilərində təqdim olunub. Onun əsas üstünlükləri aşağı istismar xərcləri və yüksək dəqiqliklə hədəfləri neytrallaşdırmaq qabiliyyətidir.
Texniki göstəricilər:
- Maksimal aşkarlama məsafəsi: 5 km
- Oslatma (kor etmək) məsafəsi: 3,2 km
- Fiziki məhvetmə məsafəsi: 1,6 km
- Güc: 30 kilovat
- 1 atışın təxmini dəyəri: 13 dollar
- Sistemin ümumi qiyməti: 10 milyon dollar
- 1 km məsafədən 5 mm qalınlığında polad plitəni deşə bilir
Bu xüsusiyyətlər “Silent Hunter” sistemini bahalı raket sistemlərinə alternativ olaraq önə çıxarır. Sistem mobil formada istifadə oluna bilir – onu SUV tipli avtomobilə quraşdıraraq idarə etmək mümkündür.

Bu xəbər, Rusiyanın Çindən strateji silah aldığına dair nadir rəsmi təsdiqlərdən biri kimi qiymətləndirilir. Pekin Ukrayna müharibəsində neytral mövqe tutduğunu iddia etsə də, “Silent Hunter” kimi silahların Rusiyaya ötürülməsi bu neytrallığın formal xarakter daşıdığını göstərir.
Qərb kəşfiyyat məlumatlarına görə, Çin və Rusiya arasında hərbi və texnoloji əməkdaşlıq sürətlə artır. “Silent Hunter” bu prosesin konkret nəticəsidir.
Son aylarda Ukrayna ordusu FPV dronlar, kamikadze PUA-lar və kəşfiyyat aparatları ilə Rusiyanın arxa cəbhəsinə, xüsusilə Krım və Belqoroddakı hərbi obyektlərə ardıcıl zərbələr endirirdi. “Silent Hunter” sistemi bu hücumların qarşısını almaq üçün tətbiq olunur. Onunla bir dronun məhv edilməsi raket sistemlərinə nisbətən minlərlə dəfə ucuz başa gəlir ki, bu da Rusiya üçün həm maliyyə, həm də texnoloji baxımdan əhəmiyyətli üstünlük yaradır.
ABŞ və NATO Çinin Rusiyaya “ölümcül olmayan, lakin kritik” texnologiyalar — mikrosxemlər, radar komponentləri, dron hissələri və indi də lazer sistemləri ötürməsindən narahat olduqlarını dəfələrlə ifadə ediblər.
“Silent Hunter” bu narahatlıqları daha da artırır, çünki bu tip silahlar müharibənin texnoloji balansını dəyişmək gücünə malikdir və Pekinin “dolayı dəstək” iddialarını zəiflədir.