
Ermənistanın Baş naziri Nikol Paşinyanın erməni Apostol kilsəsinə qarşı sərt ritorikasının səbəblərindən biri də Rusiya amilidir.
Politoloq Elxan Şahinoğlunun fikrincə, Paşinyan Rusiyadakı dairələrin erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən və bu ittifaqın 2025-ci ildə keçiriləcək parlament seçkilərində ona qarşı istifadə edilə biləcəyindən ehtiyat edir.
Ekspert hesab edir ki, məhz buna görə Paşinyan kilsə ilə ittifaqı gözdən salmaq üçün kampaniyaya başlayıb: “İkinci Qarabağ müharibəsindən sonra Paşinyan bir sıra ciddi əngəlləri aşmağı bacardı. İlk olaraq ona qarşı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan çıxış etdi və onun istefasını tələb etdi. Qasparyanın arxasında da Rusiyadakı güclər dayanırdı. Paşinyan dərhal onu vəzifədən uzaqlaşdıraraq neytrallaşdırdı. Ardınca erməni kilsəsi keşiş Baqrat Qalstyanı önə çıxardı. Qalstyan İrəvana yürüş təşkil etdi, çadırlar quruldu, etiraz aksiyaları keçirilməyə çalışıldı. Lakin keşiş cəmiyyətdən yetərli dəstək ala bilmədiyi üçün uğursuzluğa düçar oldu.”
E.Şahinoğlunun fikrincə, bu dəfə Paşinyan potensial rəqiblərin meydana çıxmasını gözləmədən həm radikal müxalifətə, həm də kilsəyə qarşı mübarizəni gücləndirib. Onun məqsədi seçkiyə qədər rəqiblərini zəiflətmək və ictimai rəyə təsir göstərməkdir.
Politoloq vurğulayır ki, Paşinyan erməni cəmiyyətini açıq seçim qarşısında qoyur: “Baş nazir mesaj verir: ya mənimlə yola davam edəcəksiniz və bu sülhə, sabitliyə gətirib çıxaracaq, ya da müharibə istəyən radikal müxalifət və kilsənin tərəfini tutacaqsınız – bu isə həm yeni müharibə, həm də ərazi itkiləri ilə nəticələnəcək.”