
Son günlər müxtəlif tanınmış şəxslərin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbərlər yayılır. Bu isə sual yaradır ki, ölkədən çıxışa hansı hallarda qadağa qoyula bilər?
Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması halları Miqrasiya Məcəlləsinin 9.3-cü bəndində sadalanır.
“Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə Ədliyyə Nazirliyinin İcra xidməti tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün tədbirlər görülür. Bu halda borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər
Şəxsin azadlığın məhdudlaşdırılması, islah işləri, ictimai işlər və ya cərimə növündə cəzaya məhkum olunması, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilməsi, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, habelə cəzasının çəkilməsinin təxirə salınması haqqında hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır.
Bu halda hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi probasiya qurumuna daxil olduqdan sonra dərhal qeydiyyata alınır və icra məmuruna (probasiya üzrə) təqdim olunur.