
Azərbaycan uzunmüddətli müqavilələr olacağı təqdirdə Avropaya əlavə qaz həcmləri tədarük edə bilər.
Bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, Avropaya əlavə qazın tədarükü üçün yeni istehsal və infrastruktura ehtiyac var: “Bunun üçün adətən vaxt, maliyyə vəsaiti və aydın müqavilələr tələb olunur. Əgər Avropanın Azərbaycandan əlavə qaz tədarükünə ehtiyacı varsa, bu istiqamətdə uzunmüddətli müqavilələrə, investisiya risklərini azaltmağa kömək edəcək və ya bu məhsul üçün maliyyə alətlərini təmin edəcək dəstəyə ehtiyacı var. Bundan sonra Avropa üçün əlavə qaza olan bütün tələbat yerinə yetirilə bilər. Bu o deməkdir ki, uzunmüddətli müqavilələr, maliyyə və bu layihələrin dəstəklənməsi zəruridir və hazırda onlardan heç biri mövcud deyil”.
Nazir müavini qeyd edib ki, hazırda əlavə qaz tədarükü ilə bağlı Azərbaycan üçün ən strateji və real istiqamət Şərqi Avropa və Balkan ölkələridir: “Biz Cənub Qaz Dəhlizi vasitəsilə 10 Avropa ölkəsinə qaz təchizatı həyata keçiririk. Bu ölkələr arasındakı interkonnektorlar bizim təchiz edə biləcəyimiz həcmləri artırmağa imkan verir”.
K.Abbasov bildirib ki, Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan qaz tədarükündə maraqlıdır: “Lakin boru kəmərinin həcmləri və tutumunu müəyyən etmək lazımdır. Azərbaycan öz ərazisi vasitəsilə tədarük olunacaq qaz həcmlərinə müsbət yanaşır”.