
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Azneft” İstehsalat Birliyinin neft hasilatı gündəlik 3 300 tona çatdırılıb.
Bunu “Azneft”in baş direktoru Əli Qurbanov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Hasilat və Əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, “Azneft” İstehsalat Birliyində təxminən 13 min insan çalışır: “Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarında ötən aylarda həyata keçirilən uğurlu tədbirlər nəticəsində hazırda gündəlik neft hasilatı 3 300 tona çatdırılıb. Bu da son 34 ildə qazanılan ən yüksək göstəricidir. 2025-ci ili də elə bu tepmlə-rekord nəticələrlə (1,2 milyon tondan çox neft) tamamlanması qarşıda duran əsas hədəflərdən biridir”.
Ə. Qurbanov qeyd edib ki, dünyada sənaye üsulu ilə ilk neftin çıxarıldığı, 180 ilə yaxın yaşı olan “Bibiheybət” yatağında bu gün böyük dinamika müşahidə edilir: “Bu ilin aprel ayında 503 işlək quyu ilə gündəlik neft hasilatı 400 tona çatdırılıb. Bu rəqəmlər “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) yaxın 30 illik fəaliyyəti ərzində ən yüksək hasilat göstəriciləridir.
Ə.C.Əmirov adına NQÇİ-də də əldə olunan nəticələr peşəkar komanda işinin uğurları sırasındadır. Hazırda NQÇİ-nin gündəlik neft hasilatı 270 ton təşkil edir, bu rəqəmin ilin sonuna qədər 310 tona kimi artırılması (35 %) hədəflənib. Qeyd edilən bu rəqəm NQÇİ-nin yaxın 30 illik fəaliyyəti ərzində ən yüksək hasilatdır”.