
Ukraynanın Rusiyanın dərinliklərində yerləşən 5 strateji hərbi bazasına həyata keçirdiyi əməliyyat Rusiyanın müharibədə əsas rol oynayan vasitələrinə zərbə vurmaq, rusları atəşkəs və sülhə məcbur etmək, hava hücumundan müdafiə və kəşfiyyat infrastrukturundakı zəiflikləri üzə çıxarmaq və onlardan istifadə etmək məqsədi daşıya bilər.
Bu sözləri təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi “hörümçək toru” əməliyyatını dəyərləndirərkən deyib.
Onun fikrincə, məsələnin çox ciddi başqa bir tərəfi də var: “Bu da sadəcə Rusiyanın əməliyyat gücünə və nüfuzuna zərər vurmaq deyil. Əsas hədəf qlobal nüvə balansının pozula bilmə ehtimalına və Rusiyanın nüvə doktrinasının təzyiq altında qalmasına, eyni zamanda Kremlin nüvə hücum mühitinin formalaşmasına qarşılıq verməkdən ibarət idi. Çünki Ukraynanın hücumlarında yalnız nüvə silahı daşıma qabiliyyətinə malik Tu-95, Tu-22M3 təyyarələrinin və nüvə məsələlərində strateji hücum, müdafiə qabiliyyətlərinə daxil olan erkən xəbərdarlıq və komanda təyyarələri A-50-lərin yerləşdiyi 4 hava bazası deyil, eyni zamanda nüvə sualtı qayıqlarının yerləşdiyi Murmansk bölgəsindəki Severomorsk – Rusiya Şimal Donanmasının əsas bazasının da vurulduğu bunu təsdiq edir”.
Ekspert hesab edir ki, bu vəziyyət qlobal miqyasda çox ciddi bir qeyri-müəyyənlik və böhran ehtimalını ortaya çıxarır: “Çünki nüvə əlaqəli bu hücumlar – Rusiyanın nüvə “üçlüyü” konsepsiyasının ən azı 2 elementinin həm fiziki, həm də nüfuz baxımından təzyiq altına alınması, hətta nüvə planlamasının pozulması deməkdir. Rusiyanın (nüvə qabiliyyətləri çərçivəsində) nə qədər zərər gördüyünü və ya bu hücumları necə dəyərləndirəcəyini bilmirik. Amma ortada böyük bir sual var. Rusların qlobal nüvə balansının onların əleyhinə pozulması kontekstində hansı addımı atacağı bəlli deyil”.