
Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) Qazaxıstanın nəqliyyat sektoru üçün ümidverici perspektivlər açır.
Bunu ölkənin nəqliyyat naziri Marat Karabayev bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin əhəmiyyəti sürətlə artır: “Əgər üç il əvvəl bu dəhlizlə ildə cəmi 800 min ton yük daşınırdısa, bu gün bu göstərici 4,5 milyon tona çatıb. Malik olduğumuz ilk sanballı müqaviləyə əsasən, mallar şərqdən Avropaya daşınır və onların həcmi 2029-cu ilə qədər 10 dəfə artacaq. Bu, yalnız ənənəvi konteyner malları, metal, polad, alüminium, mis ixracıdır. Bu, bizim istehsalçı şirkətlərimiz üçün malları Avropaya ixrac etmək imkanıdır”.
Nazir əlavə edib ki, hazırda Qazaxıstan bu dəhliz vasitəsilə neftin nəql edilməsi məsələsini önə çəkir.
Onun sözlərinə görə, üç il ərzində Orta Dəhlizlə ümumi yük axınının ildə 10 milyon tona çatdırılması planlaşdırılır: “Bu, Qazaxıstanın nəqliyyat sektoru üçün həm malların ixracı, həm də bu mallar üçün tranzit dəhlizinin təmin edilməsi baxımından ümidverici gələcək vəd edən dəyərli dəhliz olacaq”.