
Azərbaycan, Türkiyə və Pakistanın yaratdığı üçtərəfli format nəinki bölgədə, hətta daha geniş coğrafiyada sabitləşdirici faktor kimi çıxış edir.
Bu barədə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli danışıb.
O qeyd edib ki, birmənalı olaraq üçtərəfli platformanı əlaqələrin inkişafı üçün yeni model kimi qəbul etmək olar:
“2024-cü ilin fevralında Azərbaycanda baş tutan prezident seçkilərindən sonra üç ölkə lideri artıq ikinci dəfədir görüşürlər. Bu görüşün bizim üçün əhəmiyyətini daha da artıran məqam ondan ibarətdir ki, görüş 28 May – Müstəqillik Günündə işğaldan azad edilmiş Laçında baş tutub, ona görə də böyük mənəvi, siyasi, tarixi məna daşıyır”.
Ekspertin sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr ikitərəfli müstəvidən xeyli kənara çıxıb, artıq üçtərəfli formatda irəliyə aparılır:
“Üç ölkə arasında ticarət, iqtisadiyyat, logistika, siyasət, təhlükəsizlik və müdafiə kimi sahələrdə əməkdaşlıq dərinləşdirilir. Laçında keçirilən görüşdə verilən mesajdan daha da aydın olur ki, hər üç ölkənin bir ittifaq kimi möhkəmlənmək niyyəti var. Vacib məsələlərdə hər üç ölkə bir-birini müdafiə edir. Həmçinin qlobal müstəvidə bir-birlərini dəstəkləyirlər. Əminliklə deyə bilərik ki, üçtərəfli format nəinki bölgədə, daha geniş coğrafiyada sabitləşdirici faktor kimi çıxış edir”.
M.Məmmədli onu da diqqətə çatdırıb ki, bu ittifaq hansısa ölkəyə qarşı yönəlməyib, tərəflər sadəcə özlərinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və maraqlarının qorunması ilə bağlı münasibətlərini dərinləşdirirlər.