
Azərbaycan təbii qazının Türkiyə və oradan Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə 7 il ərzində 182 milyard kubmetrdən çox qaz ixrac olunub.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Cənub Qaz Dəhlizi qlobal əhəmiyyətə malik nəhəng enerji layihəsidir və Avropa ilə region ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır.
Layihə çərçivəsində “Şahdəniz Mərhələ 2” yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru Kəməri (SCP), Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropa və region ölkələrinə nəql olunur.
Xatırladaq ki, Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün Azərbaycan Prezidenti 29 oktyabr 2013-cü il tarixində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (SD2), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (SCPX), TANAP və TAP layihələrinin səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalayıb.
Prezident 25 fevral 2014-cü il tarixində layihələr üzrə dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. SGC Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51 %) və SOCAR-ın (49 %) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb. SOCAR-ın Layihələr üzrə bütün iştirak payları SGC-yə ötürülüb və bu payların maliyyələşdirilməsi SGC tərəfindən həyata keçirilir.
SGC-nin adından Layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.