
2024-cü ildə Azərbaycanda ilin bütün aylarında idarəetmədən kənarda qalan vəsaitlər idarəetməyə verilən qalıq məbləğini üstələyib, son illərdə ilk dəfə il sonunda idarəetmədə vəsait saxlanılmayıb.
Bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, əvvəlki illərdən fərqli olaraq, 2024-cü ildə dövrün sonuna vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilmiş məbləği sıfırlanıb, il ərzində idarəetməyə verilmiş vəsaitlər üzrə volatillik izlənib. Sərbəst qalığın idarəetmədə olan hissəsinin cəmi sərbəst qalıqda aylar üzrə xüsusi çəkisi 0 %-38,5 % arasında dəyişib. Məlumatların təhlili il ərzində yerləşdirmədən kənarda qalan hissənin əsasən xarici valyutada olmadığını göstərib. Qalığın aylar üzrə dəyişməsi, idarəetməyə verilən vəsaitlərin məbləği arasında davamlı mütənasiblik nəzərə çarpmayıb, bəzi aylarda sərbəst qalıq artdığı halda vəsaitlər idarəetmədən geri çağırılıb və yaxud əksinə meyil müşahidə olunub. İlin sonunda idarəetmədə ümumiyyətlə vəsait olmayıb, sərbəst qalığın 100 %-ə yaxın hissəsinin manatla (kiçik məbləğin xarici valyutalarda) cari hesablarda saxlanmasına üstünlük verilib.
Dövlət büdcəsinin icrası barədə hesabatlara əsasən, 2024-cü ildə sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar üzrə 6 milyon manat proqnoza qarşı 77,3 milyon manat icra qeydə alınıb. Bu mənbədən daxilolmaların proqnozla müqayisədə yüksək icrası əvvəlki ildə hesablanmış faiz məbləğinin hesabat ilində dövlət büdcəsinə köçürülməsi ilə izah olunur. Dövlət Neft Fondunun məlumatlarına əsasən, 2024-cü ildə hesablanmış faiz məbləği 17,5 milyon manat olub. Qeyd edək ki, hesabat ilində idarəetməyə verilmiş vəsait həcmində izlənmiş volatillik hesablanmış faizlərin əhəmiyyətli azalması ilə nəticələnib.