
Ötən il həyata keçirilmiş bir neçə nəzarət tədbirində 2024-cü il dövlət büdcəsi xərclərinin publik hüquqi şəxslər (PHŞ) tərəfindən icrasının auditi aparılmış, əldə edilmiş nəticələr büdcə vəsaitlərinin müvafiq mexanizm vasitəsilə icrasında hələ də davam edən çatışmazlıqların olduğunu göstərib.
Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.
Hesabat dövründə PHŞ-lər tərəfindən dövlət büdcəsi xərclərinin icrasıyla bağlı uyğunsuzluqlar əsasən aşağıdakılardır:
-Dövlət sifarişi əsasında həyata keçirilən işlərin maya dəyərinin əsassız surətdə şişirdilməsi fonunda büdcə vəsaitlərinə izafi tələbat yaradılması.
-PHŞ-lər tərəfindən onların nizamnamələrində nəzərdə tutulmayan istiqamətlərə vəsaitlərin xərc edilməsi.
-PHŞ-lər tərəfindən digər təşkilatlara maddi yardımların göstərilməsi.
-Dövlət xəttilə alınmış qrantların dövlət sifarişləri üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərə inteqrasiyasının təmin edilməməsi və nəticə etibarı ilə 2024-cü ilin dövlət büdcəsi vəsaitlərindən səmərəli istifadə imkanlarının lazımı şəkildə qiymətləndirilməməsi.
-Təşkilatların zəruri ştat vahidlərinə, struktur potensialına və maddi-texniki bazaya malik olmasına baxmayaraq, fəaliyyət çərçivəsində yaranan ehtiyacların daxili imkanlarla deyil, əsasən kənar mənbələr (outsourcing) vasitəsilə təmin olunmasına üstünlük verilməsi və nəticə etibarı ilə büdcə vəsaitlərinə potensial qənaət imkanlarının reallaşdırılmaması və səmərəsiz xərclər.