
Nəsimi rayonu, 20 Yanvar küçəsi, bina 23b, ev 36-da yaşayan Quliyev Elşən Məmməd oğlu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Vüqar Əhmədova bir neçə sualla müraciət edib.
Aktualinfo.org sözügedən müraciəti olduğu kimi təqdim edir.
Hörmətli Vüqar müəllim!
Mən istefada olan zabit, təqaüdçü Quliyev Elşən Məmməd oğlu Nəsimi rayonu, 20 Yanvar küçəsi, bina 23b, 36 saylı mənzilin sahibi bir neçə suala cavab tapmaq məqsədilə sizə müraciət edirəm. Təxminən 4-5 il əvvəl qeyd etdiyim binada köhnə sayğaclar sökülərək əvəzinə yeni nəsil, SMS tipli “mütərəqqi” sayğaclar quraşdırıldı. Binada yaşayanların və eləcə də mənim qara günlərim bundan sonra başladı.Deməli günün istənilən saatında balans bitir balansı artırırsan ancaq enerji bərpa olmur,düşürsən kimisə axtarmağa,bilmirsən komendanta zəng vurasan, bilmirsən ərazi üzrə aidiyyəti şəxsi axtarasan. Balansda məbləğ bitir, balansa vəsait qoyursan enerji verilişi bərpa olmur ki, olmur. Bu hal sayğac quraşdırılandan sonra dəfələrlə baş verib və bu gün də davam edir. Şəxsən mənim bütün əsəblərim bu məsələ ilə bağlı korlanıb. Bununla əlaqədar mən “Azərişığa” yazılı elektron şikayət,199 xidmətinə dəfələrlə şikayətlər etmişəm. Nəhayət bir gün ərazi üzrə nümayəndə Fərid adlı şəxs mənə məlumat verdi ki, bəs narahat olmayın, sizin nömrə sistemdə qeydə alınıb, artıq balansa məbləğ daxil olan kimi həmən enerji verilişi bərpa olacaq. Ancaq dünən gecə baş verənlər bir daha sübut etdi ki, sistem nə mənim nömrəmi, nə də mənim ödədiyim məbləği görmür və bu hal davam edir. Bəli, gecə saat 1-ə qalmış mənzildə işıqlar söndü, balansı 10 manat artırdım və 20 dəqiqə keçməsinə baxmayaraq enerji bərpa olunmadı. İndi təsəvvür edin, bir müddət əvvəl stasionar ev telefon xətlərimiz də müasir dövrə uyğun yeni nəsil “mütərəqqi” optik xətlərlə əvəz olunduğundan və modemlə işlədiyindən 199 xidmətinə mobil telefonla zəng etmək məcburiyyətində qaldım. Cavab verən xanıma bildirdim ki, balansımda vəsait var, ancaq işiq yanmır və səbəbini öyrənmək üçün bir xeyli gözlədikdən sonra xanım əməkdaş bildirdi ki, müraciətim yönləndirilir. Təxminən 20 dəqiqə sonra bir nəfər mobil nömrədən zəng edərək nə baş verdiyini soruşdu. Məlumat verdim ki, mənzildə işiq yoxdur. Biləndə ki, binada işiq var etirazla bildirdi ki, biz yüksək gərginliyə baxırıq, niyə bizə müraciət edirsiniz. Dedim ay yoldaş, sizə mən yox, sizin operator müraciət ünvanlayıb. Nə isə, təkrar 199 xidmətinə müraciət etdim və xanıma bir daha bildirdim ki, binada işıqlar yanır, mənzildə işiq yoxdur. Onu da deyim ki, bu barədə mən ona artıq birinci zəngimdə məlumat vermişdim. Dedim siz baxın görək bəlkə ödənilən məbləğ hesaba orurmayıb. Təxminən 5 dəqiqə araşdırma apardıqdan sonra bildirdi ki, təəssüf bu barədə sizə köməklik edə bilmərəm, sabah iş vaxtı müraciət edin. Səhər saat 9 radələrində təkrar olaraq 199 xidmətinə zəng edib axşam daxil etdiyim məbləğin hesabımda olmasının yoxlanılması barədə müraciət etdim. Və nəhayət…15 dəqiqədən sonra, 9 saat əvvəl sönmüş işıqlar yandırıldı.
Hörmətli Vüqar müəllim, indi sizdən xəbər almaq istəyirəm, zəhmət olmasa deyin, “mütərəqqi” sayğac xidməti budurmu? Nə üçün vəsait ödədikdən sonra enerji bərpa olunması əvəzinə mən haralarasa kimlərəsə zəng vurmalıyam? Nə üçün mən vəsait ödəyib gecə qaranlıqda mənzildə fanarla gəzməliyəm. 199 xidmətinə mobil nömrədən 6 dəfə zəng etmişəm, təxmini 6 manat balansımdan pul çıxılıb. Nə üçün mən sizin “mütərəqqi” SMS sayğacınızın yararsız olması ucbatından əlavə xərcə düşməliyəm. Hörmətli Vüqar müəllim, bilmək istərdim, sizin də mənzilinizdə bu ‘mütərəqqi” sayğacdan quraşdırılıb? Sizdəmi işıqlarınız sönəndə vəsaiti ödəyib sonra ərazi üzrə nümayəndəni,binan sədrini axtarırsınız? Sizdəmi qeyri-iş vaxtına düşəndə səhərə kimi işıqsız qalırsınız? Və sonda,bu biabırçılıq nə vaxt bitəcək?
Elşən Quliyev