UEFA Avropa Liqasında final oyunu keçirilib.

İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda təşkil olunmuş görüşdə İngiltərənin “Tottenhem” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib.

Almaniyalı baş hakim Feliks Tsvayerin idarə etdiyi matç “Tottenhem”in qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.

Bununla da “Tottenhem” tarixində ilk dəfə Avropa Liqasının qalibi olub və 2025/2026 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə əldə edib.

London təmsilçisi əvvəllər 1972 və 1984-cü illərdə UEFA Kubokunu, 1963-cü ildə Kuboklar Kubokunu qazanıb. Son illərdə isə “Tottenhem”in ən böyük uğuru 2019-cu ildə Çempionlar Liqasının finalı olub. Həmin vaxt “mahmuzlar” həlledici qarşılaşmada İngiltərənin daha bir təmsilçisi “Liverpul”a uduzub – 0:2.

Qeyd edək ki, “Tottenhem” bu mövsüm Avropa Liqasında ilk görüşünü 2024-cü il sentyabrın 26-da “Qarabağ”a qarşı keçirib. Londonda təşkil olunmuş matçda baş məşqçi Angelos Postekoğlunun komandası 7-ci dəqiqədə azlıqda qalmasına baxmayaraq, 10 futbolçu ilə 3:0 hesablı qələbə qazanıb.